Fransalı deputat erməni diaspor üzvünün Azərbaycanla bağlı qərəzli yazısına cavab verib.
Fransalı deputat erməni diaspor üzvünün Azərbaycanla bağlı qərəzli yazısına cavab verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən TİA.AZ–a verilən məlumata görə, Fransanın www.huffingtonpost.fr portalında Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Manselin Azərbaycanla bağlı məqaləsi yayılıb. Fransalı deputat bu məqaləni erməni diaspor üzvünün ölkəmizlə bağlı yalan və böhtanlarla dolu yazısına cavab olaraq hazırlayıb.
Assosiasiyanın prezidenti qeyd edir ki, özünü guya siyasi analitik kimi qələmə verən, xüsusilə də kasıblıqla və münaqişə ilə üzləşən erməni xalqından çox Avropada öz rahatlığını düşünən erməni diasporunun sözçüsü yazısında Azərbaycan barədə elə fikirlər işlədir ki, onun bu ölkə haqqında məlumatsızlığı açıq-aydın görünür. Yazının cəfəng və böhtanla dolu olduğunu vurğulayan Jan-Fransua Mansel Azərbaycanın Dostları Assosiasiyasına sədrlik etməkdən şərəf duyduğunu və təşkilatın fəaliyyətində heç bir qaranlıq məqam olmadığını qeyd edir. Fransanın Bakıda ilk səfiri olmuş Jan Perrenin yaratdığını və 500-dən çox üzvü olan Assosiasiyan ın Fransada mədəniyyət sahəsində çox sayda tədbirlər təşkil etdiyi xatırladılır.
Daha sonra məqaləsində vitse-prezidentlərindən biri olduğu məlumat missiyasının fəaliyyətinə toxunan Jan-Fransua Mansel bildirir ki, Azərbaycana qarşı böhtana görə məhkəməyə verilən və bu səbəbdən ölkəyə düşmən kəsilən deputat Fransua Roşebluan antiazərbaycan təhrikçiliyi üçün araşdırma komissiyasının yaradılmasını istəsə də, onun təklifi xarici işlər komissiyasının yekdil səsverməsi qarşısında uğursuzluğa düçar olub və komissiya ədalətli və davamlı sülh üçün Fransanın da rol oynadığı Dağlıq Qarabağ münaqişəsinə dair məlumat missiyası yaratmaq qərarı verib:
“Sonaradan F.Roşebluan öz qrupunun hüququndan istifadə edərək Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəniyyət sahəsindəki əlaqələrə dair məlumat missiyasının yaradılmasına nail olsa onun xam xəyalları yenə də baş tutmayıb”.
Jan-Fransua Mansel hesab edir ki, erməni diasporunun üzvləri Azərbaycanı saxta şəkildə pisləmək əvəzinə, iki xalq arasında barışıq üçün çalışmalıdır: “Qərb rahatlığına qapanan bu şəxslər ölkələrinin kasıblıqdan çıxması yollarını düşünsünlər, bilsinlər ki, Ermənistandakı həmvətənlərinin sülhə ehtiyacı var”, – deyə Jan-Fransua Mansel qeyd edir.