Şahin Cəfərli: “Makronun dövründə Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində kardinal dəyişiklik gözləmirəm”.
Şahin Cəfərli: “Makronun dövründə Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində kardinal dəyişiklik gözləmirəm”.
“Böyük ehtimalla Olland dövründəki siyasət davam edəcək”.
Bunu TİA.AZ–a yeni seçilən Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini şərh edərkən politoloq Şahin Cəfərli deyib.
O, bildirib ki, Qarabağ məsələsi yeni prezidentin prioritetləri sırasında olmayacaq, çünki Fransanın istər daxilində, istərsə də xaricində daha ciddi problemləri var:
“ Qarabağda pis-yaxşı, atəşkəs rejimi mövcuddur, qan tökülmür, iri miqyaslı müharibə getmir. Yəni, Qərbin maraqları nöqteyi-nəzərindən ortada təcili müdaxilə tələb edən bir məsələ yoxdur. Digər tərəfdən, Fransa və ABŞ nizamlanma prosesində Rusiyanın liderliyini qəbul ediblər. Sadə dildə desək, onlara əlavə baş ağrısı lazım deyil, Rusiyanın bu işlə məşğul olması hələ ki, Qərbi məmnun edir. Fransanın ermənilərlə münasibətlərinə gəldikdə isə, mən bu məsələdə ifrata varmağın, Fransanı ermənilərin maraqları əsasında hərəkət edən dövlət kimi təqdim etməyin yanlış olduğunu düşünürəm. Fransa ciddi dövlətdir və o, yalnız öz dövlət maraqları çərçivəsində siyasət həyata keçirir.
Təbii ki, Fransada çoxsaylı erməni icmasının olması mühüm faktordur. Bu ölkədə yarım milyondan çox erməni yaşayır, onlar Fransa cəmiyyətinə tam inteqrasiya olunublar və fransızlardan hər hansı fərqləri yoxdur. Erməni icmasının həm kəmiyyət, həm də keyfiyyət baxımından siyasətçilər üzərində təsir gücü var. Şübhəsiz ki, Fransada siyasətçilər və siyasi partiyalar erməni kökənli vətəndaşlarının maraqlarını gözardı edə bilməzlər, bu baxımdan Fransanın siyasətində müəyyən ermənipərəst çalarlar hər zaman olacaq. Amma bu, o demək deyil ki, Fransa dövləti birmənalı olaraq Ermənistanın arxasındadır. Fransanın münaqişənin həlli prosesindəki rolunu görürük. Hər hansı xüsusi fəallıqları, Ermənistanın maraqları naminə canfəşanlıqları hiss olunmur. Ona görə də, hesab edirəm ki, biz hər hansı Avropa dövlətini və ya siyasətçisini ermənipərəst kimi damğalamaq yerinə, onlarla iş aparmağa və fəal əməkdaşlığa üstünlük verməliyik”.
İlahə Cəfərli