Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur. Bayramov bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. İstintaq materiallarından aydın olub ki, kapitan zərərçəkmişlərlə birgə ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra yaranmış etibardan sui-istifadə edərək həmin şəxslərin ümumilikdə 3 milyon manata yaxın pulunu ələ keçirib. Pulu ələ keçirilənlərdən biri də FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovdur. Məlumata görə, A. Bayramov R. Zeynalova təxminən 1 milyon manata yaxın ziyan vurub.
Tribunainfo.az-a mövzu ilə bağlı danışan hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib ki, bu iş ətraflı araşdırma tələb edən bir məsələdir. Onun sözlərinə görə, istintaq orqanı aydınlaşdırmalıdır ki, nazirliyin kapitan rütbəsi daşımış şəxsi 3 milyonu necə mənimsəyib:
“Çünki ortada birgə ticarət məsələsi var. Dövlət qulluqçusu və rütbəli şəxs ticarətlə məşğul olursa, onun bu biznesi necə qurduğu da araşdırılmalıdır.
Mediada adı aldadılan tərəf kimi keçən FHN-in general-mayoru Rauf Zeynalova 1 milyon manata yaxın ziyan dəyməsi sual doğurur. Xilasetmə Xidmətində rəis müavini olmuş və general-mayor rütbəsi daşımış bir şəxs bu gəlirləri necə əldə edib ki, hələ zərəri də var? Deməli, ortada ciddi mənimsəmə, büdcə talanı şübhələri var. Çünki ancaq bu yolla gizli biznes qurub varlanmaq və belə milyonluq işlərə girmək mümkündür”.
Hüquq müdafiəçisi əlavə edib ki, 39 yaşında bir adamın general-mayor rütbəsi daşıması da araşdırma tələb edən detaldır:
“Çünki belə gənc yaşda general-mayor rütbəsinə yüksəlmək indiki reallıqlarda mümkün görünmür. İstisna deyil ki, onu kimlərsə himayə edib.
Haqlı suallar yaranır, general 1 milyonu haradan qazanmışdı ki, kimsə də mənimsəsin.
Bir daha deyirəm, bütün bunlar araşdırma mövzusudur. İnanıram ki, istintaq onların necə gəlir əldə etməsini və bunu necə biznesə yatırmasını araşdıracaq”.
Xatırladaq ki, ötən həftə bununla bağlı məhkəmə prosesi keçirilib.
Gülşən Rəsul