Ötən il keçirdiyi tenderlərin yarısını iki şirkətə verən “Azərpoçt” MMC yeni ildə də “sakit oturmayıb”.
Tribunainfo.az xəbər verir ki, sözügedən qurum keçirdiyi son tenderində özləri üçün heç də ucuz olmayan mebellər almağa qərar veriblər.
Açıq mənbələrdə qeyd edilir ki, “Azərpoçt” MMC İnzibati bina və Şamaxı filialı üçün quraşdırma işləri daxil olmaqla mebellərin satın alınmasını həyata keçirəcək. Bununla bağlı keçirilmiş tenderin qalibi isə “FORİELLA” MMC olub.
Bildirilir ki, “Azərpoçt” mebel alınmasına 400 min manat xərcləməyi qərarlaşdırıb. Sözügedən şirkətlə də bununla bağlı satınalma müqaviləsi bağlayıb
Tribunainfo.az-ın araşdırmasına görə, “Foriella” MMC-nin rəhbəri Fərman İslamlıdır. Bu şirkət öz məhsullarını əsasən “Perla” mebel mağazaları vasitəsilə satışa çıxarır.
Şirkətlə bağlı açıq mənbələrdə yer alan məlumatlardan məlum olur ki, “Foriella” MMC ötən il 5 tenderdə iştirak edərək, qalib olub. Maraqlıdır ki, sözügedən şirkət 2024-cü ildə qatıldığı 5 tenderdən 4-ü Dövlət Sərhəd Xidmətinin keçirdiyi müsabiqələr olub. Mebel inventarlarının alınmasına dair müqavilələrin dəyəri isə 5 milyon 355 min 108 manat təşkil edib. DSX ilə bağlı tenderlərdə ən bahalı satınalma isə 4 milyon 309 min 332 manat olub.
Ötən il keçirilən tenderlərdən yalnız biri ASAN Xidmətlə baş tutub. Bu zaman tərəflər arasında 380 min manatlıq müqavilə imzalanıb.