Azərbaycanın sabiq təhsil naziri, tanınmış türkoloq, professor Firudin Cəlilov Ortaq Türk Əlifbası barədə razılaşma və əlifbada yer alan 34 hərf arasında “Ñ” və “Ũ” hərflərinin hansı səsi verəcəyi barədə müzakirələrə münasibət bildirib.
Professor Pravda.az-a açıqlamasında deyib ki, ortaq əlifbanın Azərbaycan əlifbasına aidiyyatı olmayacaq.
“Düzgün qərar veriblər, bizim əlifbamızı qəbul ediblər. Bizim əlifbamız da ortaq türk əlifbasıdır. Bu, 1991-ci ildə Ankarada qəbul olunub. Komissiyada mən də olmuşam. Türk ölkələrindən gələn alimlər 34 hərfdən ibarət əlifba qəbul etdilər. Mən də onu bizim parlamentə gətirdim. Həmin vaxt Əlifba Komissiyasının sədri idim. Artıq 33 ildir, bu əlifbanı işlədirik. Yəni Türk Dünyası bizim işlətdiyimiz əlifbanı indi qəbul edib. Biz “Ñ” və “Ũ” hərfini 1991-ci ildə qəbul etmədik. “Ũ” ingilis dilindəki “W” hərfidir. Bizim dildə bu səs yoxdur. Məsələn, biz “dağ” deyirik, qazaxlar, tatarlar “tau” deyirlər. Yəni bu hərflər onlar üçündür, biz işlətməyəcəyik, öz əlifbamızda qalacağıq. Biz indiki “Ũ” hərfini 1991-ci ildə “W” kimi təklif etmişdik, lakin qəbul etmədilər. İndi formasını dəyişiblər. Digər hərf isə “Ñ” – “sağır nun”dur. Bu hərfi əlifbamıza salmaq istəyirdim, amma çoxlu maneələr oldu. Sadəcə, tənqid edənlər prinsipi başa düşməyiblər. Ortaq əlifbanın mahiyyəti budur ki, hansı xalqın dilində hansı səs yoxdursa, həmin hərfi qəbul etmir. Yerdə qalan hərflərin hamısını qəbul edir ki, bir-birilərini oxuyanda başa düşsünlər. O vaxtlar “X”, “Ğ” “K”, “Ə” səslərini də qəbul etməyə imkan vermirdilər. Rəhmətlik Elçibəylə bir-birimizi qırdıq. Çox çətinliklə də olsa, hazırda istifadə etdiyimiz əlifbanı 1991-ci ildə parlamentdən keçirə bildim. O hansı əlifbadır? İndi qəbul etdikləri Ortaq Türk Əlifbası! Buna görə müsbət hadisədir ki, digər türk ölkələri də bizim əlifbaya keçəcəklər, əlifbamız ortaq əlifba kimi istifadə olunacaq. Amma bir şeyi demək lazımdır ki, onların hamısı 33 il gecikib. Hətta Türkiyə kimi dövlət bizdən 33 il geri qalır…”