Bu yeni hərbi yardım paketi tammiqyaslı işğalın başlanmasından bəri 18-ci olacaq.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Finlandiyanın baş naziri Petteri Orpo ölkəsinin Ukraynaya yeni hərbi yardım paketi hazırladığını bildirib.
Orpo bu barədə Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski Finlandiya baş nazirinin bugünkü səfərinin “mənalı və faydalı” olduğunu bildirib. Xüsusən, dövlət başçıları döyüş meydanındakı vəziyyəti, ölkələr arasında təhlükəsizlik və humanitar əməkdaşlıq, eləcə də Finlandiyadan gələcək yardım paketlərində Ukrayna üçün prioritet mövqeləri müzakirə ediblər.
“Ölçüsünə görə əvvəlkilərə bənzər 18-ci paketi hazırlayırıq. Buraya ağır silahlar, döyüş sursatları və digər çox zəruri materiallar daxil olacaq”, – Orpo bildirib.
Konkretliklə bağlı aydınlaşdırıcı suala cavab olaraq Finlandiyanın baş naziri qeyd edib ki, “daha iki gün gözləməyə dəyər” və təfərrüatlar məlum olacaq.
Xatırladaq ki, bu, Zelenski ilə Orpo arasında ikinci görüşdür. Bundan əvvəl Ukrayna prezidentinin may ayında Finlandiyaya səfəri zamanı dövlətlərin liderləri Helsinkidə görüşüblər.