Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsi daha bir tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, nazirlik bu dəfə Mülki Müdafiə Qoşunlarının hərbi hissə və taborlarında istilik radiatorlarının dəyişdirilməsi işlərini həyata keçirməyi qərarlaşdırıb.
Rəsmi portalda qeyd edilir ki, “EUROSERVİSE” MMC nazirlik üçün 481.788,1 manatlıq radiator alacaq və quraşdıracaq.
Məsələnin maraqlı tərəflərindən biri odur ki, sözügedən şirkət rəsmi saytında qaz xətlərinin çəkilməsi, sənədləşməsi və layihələndirilməsi üzrə ixtisaslaşdığını qeyd edib. İndiyə qədər isə şirkət Maştağada, Savalan qəsəbəsində və daha bir neçə rayonda “Azəriqaz”la birlikdə qazlaşdırma prosesini həyata keçirib. Əsasən podratçı şirkət kimi çıxış edib.
Qeyd edək ki, “EUROSERVİSE” MMC-nin rəhbəri Elşən Nəcəfovdur. Onun başçılıq etdiyi şirkət isə 2015-ci ildə yaradılıb. Şirkətin oturduğu ünvan isə Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 1-də yerləşir.