FHN keçmiş hakimin şirkətinə 10 milyonluq tender veribbackend

FHN keçmiş hakimin şirkətinə 10 milyonluq tender verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən dövlət satınalmalarına dair rəsmi saytda Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tenderlə bağlı məlumat yerləşdirilib. Tribunainfo.az xəbər verir ki, nazirliyi Maddi-Texniki Təhcizat İdarəsi katriclərin satın alınması üçün tanınmış şirkətlərdən biri ilə satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, dəyəri 311.179,66 manat olan müqavilənin icrasını “Qafqaznet” MMC reallaşdıracaq.
Tribunainfo.az sözügedən MMC ilə bağlı apardığı araşdırma zamanı bir sıra maraqlı məqamları üzə çıxarıb. Belə ki, “Qafqaznet” MMC-nin rəsmi saytında açıq şəkildə qeyd edilir ki, bu şirkət “Gilan Holdinq”in tərkibindədir. “Gilan Holdinq”in isə FHN rəhbəri Kəmaləddin Heydərovla yaxın olmasına dair açıq mənbələrdə kifayət qədər məlumatlar var.
FHN Maddi Texniki-Təchizat İdarəsinin bu şirkətlər son bir ildə milyonlarla manatlıq tendr müqavilələri imzalaması da güman etməyə əsas verir ki, “Qafqaznet” MMC-nin seçilməsi təsadüfi olmayıb. Və burada nazirlə yaxınlıq məsələsi əsas tutulub.
Məsələn, ötən ilin əvvəlindən sonuna qədər FHN Maddi Texniki-Təchizat İdarəsi “Qafqaznet” MMC ilə FHN-in Tibb Xidməti hospitalının müasir texnoloji idarəetmə sistemləri üçün cihaz, avadanlıq və texniki vasitələr 2 351 452 manat, helikopter eniş meydançasının elektronik idarəolunması üçün cihaz, avadanlıq və texniki vasitələr üçün 1 373 218 manat ödəyib. Ümimilikdə, 3 724 670 manat edən müqavilədən savayı, nazirlik bir başqa tenderləri də MMC-yə həvalə edib.
Belə ki, FHN-nin Maddi Texniki-Təchizat İdarəsi “Cərəyan ötürücü sistemlərin yenilənməsi və müasir texnoloji avadanlıqlarla təminatı layihəsi” üzrə “Qafqaznet” MMC ilə 1 654 192 manat ödəyib. Bundan başqa, FHN bu şirkətlə ötən ilin son günlərində idarəetmə cihazları, hesablama texnikası və digər analoji maşınların satın alınmasına görə də, 155.677,07 manatlıq satınalma müqaviləsi imzalayıb.
Tribunainfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Qafqaznet” MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da yeləşir. MMC-nin qanuni təmsilçisi isə Cəfərov Adil Ələddin oğludur.
Şirkət bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da qeydiyyatda olub. Bu ünvanda “Mirvari Park Residence” MMC, “Capital Tovvers Residence” MMC, “Babək residence” MMC, “Fobos Palaza” MMC və başqa bir neçə şirkət qeydiyyatdadır.
Şirkətin rəhbəri Cəfərov Ələddin Adil oğlu barədə açıq mənbələrdə yayılmış məlumatdan belə aydın olur ki, o, hazırda Hakimlər İttifaqının İdarə Heyətinin sədr müavinidir. 1956-cı ildə anadan olmuş Cəfərov, 1982-ci ildə SSRİ DİN Elabuqa orta ixtisas milis məktəbi və 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
O, 1993-2000-ci illərdə Səbail Rayon Məhkəməsinin hakimi, 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin sədri, 2005-2010-cu illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2017-ci illərdə Yasamal Rayon Məhkəməsinin sədri, habelə 2017-2021-ci illərdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin sədri olub.
Maraqlı məqamlardan biri budur ki, Ələddin Cəfərov “Qafqaznet” MMC-ni yaradarkən hakim olub, Yasamal və Nizami məhkəmələrinə sədrlik edib. Bunu “Vergilər” qəzetinin 7 yanvar 2016-cı il sayında dərc olunmuş rəsmi məlumat da təsdiq edir. Belə ki, qəzetin həmin sayında qeyd edilir ki, “Qafqaznet” MMC (VÖEN:1304331081) 11 dekabr 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, mənzil 466 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Cəfərov Adil Ələddin oğludur. Qanuna əsasən hakim olan şəxslərin bizneslə məşğul olması qəti qadağandır. Bəs, Ələddin Cəfərov hakim olduğu halda qanunun bu vacib tələbini necə pozub?