Fövqəladə Hallar Nazirliyi tabeliyində olan Dövlət Yanğından Nəzarəti Xidmətinə avtomobil almağa qərar verib. Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi satınalma saytından məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, FHN yanğınsöndürənlərə xidməti avtomobillərinin alınmasını reallaşdıracaq. Bununla bağlı “AUTO AZƏRBAYCAN” MMC ilə 871.800 manatlıq müqavilə bağlayıb.
Həmin qaynaqlarda seden, pikap tipli avtomobillərlə yanaşı, korssoverlərin də alınması qeyd olunub. O da vurğulanır ki, həmin məbləğə 21 ədəd avtomobil alınacaq.
Qeyd edək ki, “Auto Azərbaycan” MMC “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributorudur. Bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu şirkətlə bağlı “Haqsız rəqabət haqqında” Qanunun 7-ci maddəsinin üçüncü və beşinci abzasının tələblərinin pozulması əlamətləri üzrə araşdırma apararaq, cərimə tətbiq edib.
Məlumat üçün bildirək ki, “Auto Azərbaycan” MMC 09 iyul 1996-cı ildə dövət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar olar MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur.
Bildirək ki, “Auto Azərbaycan” MMC Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. “NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlər daxildir. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər.
Onu da qeyd edək ki, Türkiyə mətbuatında “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.