“Qaçqınkom”dan sonra FHN də “bahalı ev” tikmək yarışına qoşulub. Tribunainfo.az xəbər verir ki, 91 evi 21.5 milyon manata inşa edən “Qaçqınkom”un qarşısında “aciz” olmadığını göstərən Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qollarını çırmayıb.
Belə ki, nazirliyin sözügedən agentliyinə aid olan “Tikilməkdə olan obyektlərin Birləşmiş Müdriyyəti” (bu nə qurumdur məlum deyil-red.) bu gün elan etdiyi tenderin nəticələrini açıqlayıb. Tenderə əsasən Qusar rayonu, Kuzun kəndində 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulub. Satınalma müqaviləsi isə “TƏRƏQQİ-Ş” MMC ilə bağlanıb.
Qeyd edək ki, Qusarda iki evin tikintisinə FHN 131.183,42 manat pul xərcləyəcək.
Tribunainfo.az bildirir ki, FHN-in 3 otaqlı evin tikintisinə 66 min manat xərcləməsi qəribədir. Çünki nazirlik bu işi həyata keçirmək üçün nə torpaq alqı-satqısı edəcək, nə də hər hansı sənədləşmədə sıradan vətəndaşlar kimi, “şirinlik” verməyəcək. Bəs, o zaman 3 otaqlı, ən yaxşı halda 80 kvadrat metr olan evin inşası niyə belə baha başa gəlir? Ölkənin ən bahalı tikinti və dizayn şirkətləri ən üst səviyyədə tikinti və təmir işlərini öhdələrinə götürəndə hər kvadrat metr üçün 800 manat alırlar. Halbuki bu hər zaman baş vermir. Standart tikinti isə hər kvadrat üçün (material və digər xərclər də bunun içindədir) 250-300 manata başa gəlir. Bu da Qusarda ən yaxşı halda 80 kv.m-lik evin 24-25 min manata başa gəlməsi deməkdir. Belə olan halda, FHN birdən birə 40 min artıq xərc çəkməklə “Qaçqınkom”la rəqabətə girdiyini nümayiş etdirmək istəyir?