Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün 2017-ci il üzrə ilk toplantısı öz işinə başlayır.
Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün 2017-ci il üzrə ilk toplantısı öz işinə başlayır.
Analitiklərin proqnozuna görə, FES bu iclasda faiz artımına getməyəcək.
“Moodys Analytics”in direktoru Ryan Suit 2016-cı ilin dekabrında faiz artımına gedən FES-in bu iclasda gözləmə mövqeyində qalacağını bəyan edib.
O, FES səlahiyyətlilərinin bu il 3 faiz artımına gediləcəyi yönündə fikirlərinə də toxunub. Deyib ki, bu barədə fikirlər irəli sürülsə də, hələlik FES nümayəndələri faiz artımına tələsmirlər.
“Sberbank Investment Research”in analitiki Tom Levinsonun şərhinə görə isə sabah başa çatacaq Federal Ehtiyat Sisteminin ikigünlük iclasının yekununda uçot dərəcəsi dəyişməz olaraq 0,75% səviyyəsində qalacaq:
“Təbii ki, diqqətlər iclasın yekunlarına dair bəyanata və FES rəhbəri Canet Yellenin gələn həftəyə planlaşdırılan çıxışına yönələcək. Məhz bundan sonra investorlar FES-in mart ayı üçün nəzərdə tutulan iclası barədə fikirlərini yəqinləşdirə biləcəklər. Hesab edirəm ki, FES uçot dərəcəsini məhz cari ilin II rübündə artıracaq. Hərçənd dollarının məzənnəsinin dinamikası cari ilin I yarısında əlverişli olaraq qalmalıdır.
Bir daha qeyd edim ki, sabah yekunlaşacaq iclasda uçot dərəcəsinin artırılması inandırıcı görünmür. Lakin birjalardakı ab-havanı məhz FES-in bəyanatı formalaşdıracaq”.
Onun sözlərinə görə, uçot dərəcəsinin artırılmasının təşkili prosesi ləng gedir:
“Elə bir təəssürat yaranır ki, tənzimləyici uçot dərəcəsini artırmaqda maraqlı deyil. Buna baxmayaraq, FES bu il uçot dərəcəsini 3 dəfə artırmaq niyyətindədir. Beləliklə, proqnoz vermək olar ki, uçot dərəcəsi bu il baş tutacaq (indikini nəzərə almasaq) 7 iclasdan 3-də artırılmalıdır. 2015 və 2016-cı illərin (həmin illərdə uçot dərəcəsi yalnız 1 dəfə artırıldı) təcrübəsi onu deməyə əsas verir ki, FES-in proqnozlarına skeptik yanaşmaq da olar və bu qəbildən olanların sayı az deyil. Hazırda uçot dərəcəsinin 3 yox, 2 dəfə (hər dəfə 0,25%) artırılacağına inananlar çoxluq təşkil edir. Uçot dərəcəsinin martın 15-də artırılacağı ilə bağlı ehtimal 30%, mayın 3-də artırılacağı ilə bağlı ehtimal isə 50%-dən aşağıdır. Ehtimal etmək olar ki, FES-in sabah yayacağı bəyanatında uçot dərəcəsinin yaxın perspektivdə artırılması ilə bağlı siqnal yer almayacaq. Sonuncu iclasdan sonra FES-in 2017-ci ildə uçot dərəcəsinin 3 dəfə artırılacağına işarə etməsi ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyinin 2,6%-dək artmasına səbəb olub. Daha bir maraqlı məqam ondan ibarətdir ki, 2017-ci il FES-in siyasəti baxımından özündə bir sıra qeyri-müəyyənliklər daşıyır. Gələn il 425 mlrd. dollarlıq korporativ istiqraz üzrə ödənişlər edilməlidir. Bununla yanaşı, 2018-ci ilin yanvarında xanım Yellenin FES rəhbəri postunda səlahiyyət müddəti bitir. Bundan başqa, ABŞ və Avropada (əsasən Fransada) baş verəcək bir sıra siyasi hadisələr FES-in qərarına təsirsiz ötüşməyəcək. Sabah başa çatacaq iclasın yekunları dollara ciddi təsir etməyəcək. Sonda bir daha qeyd etmək istərdim ki, biz uçot dərəcəsinin bu il 3 deyil, 2 dəfə artırılacağını proqnozlaşdırırıq”.