Ötən gün ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 0,5-0,75 faiz qaldırması ilə dolların dərhal bahalaşacağı ehtimalı özünü doğrultmayıb.
Ötən gün ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 0,5-0,75 faiz qaldırması ilə dolların dərhal bahalaşacağı ehtimalı özünü doğrultmayıb.
TİA.AZ xəbər verir ki, uçot dərəcəsinin qaldırılması ilə dünya birjalarında neft qiymətlərinin ucuzlaşması da əsas neft ixracatçılarından olan şimal qonşumuzda dolların kəskin artımına səbəb olmayıb. Əksinə, FES-in qərarı ərəfəsində (14 dekabr axşam saatları) Moskva birjasında 62 rublu adlayan dollar bu gün səhər saatlarından başlayaraq ucuzlaşıb. Hazırda Rusiyada 1 dollar 61,54 rubla satılır.
Uçot dərəcəsinin qaldırılması, neft qiymətlərinin ucuzlaşması, üstəlik ABŞ-ın İrana tətbiq etdiyi sanksiyanın daha 10 il uzadılması barədə qərarın bu gecə qüvvəyə minməsi ilə İran milli valyutasının kəskin ucuzlaşacağı gözlənilsə də, bu proses də baş verməyib. Tümən bu həftə ərzində dollara nisbətdə cüzi ucuzlaşıb və bir dollar 3908 tüməndən 3940 tümənə qalxıb.
Türkiyədə isə dolların kursunda ötən gün neftin ucuzlaşması ilə səhər saatlarından başlayan ucuzlaşma azalan xətt üzrə gedir. Belə ki, əgər səhər saatlarında dolların kursunda 0,50 faiz ucuzlaşma vardısa, hazırda bu rəqəm 0,14 faizə düşüb və dollar 3,53 lirəyə yaxınlaşıb.
Qeyd edək ki, Azərbaycanda bu gün keçirilən hərracda dollar manata qarşı 0,3 faiz güclənərək, 1,7525 manat olub.