Fərahim İlqaroğlu: “Aynar Məmmədov istintaqa cəlb olunmalı idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 aydır vəzifəsindən azad edilən keçmiş nəqliyyat naziri Ziya Məmmədovun demək olar ki, hər gün qanunsuz yollarla əldə etdiyi bir əmlakı əlindən çıxır.

 

8 aydır vəzifəsindən azad edilən keçmiş nəqliyyat naziri Ziya Məmmədovun demək olar ki, hər gün qanunsuz yollarla əldə etdiyi bir əmlakı əlindən çıxır.

Bir zaman nazir kürsüsündə əyləşib, ölkənin nəqliyyatını iflic edərək, qazandığı pullarla cəh-cəlal içərisində yaşayan Ziya Məmmədovun vəziyyəti getdikcə pisləşir. Ziya Məmmədovun barəsində olan məlumat bundan ibarətdir ki, o, doğulduğu Ucar rayonundakı villasında günlərini keçirir. Ara-sıra Göyçayda geniş ərazini əhatə edən dəbdəbəli, vertolyot meydançasına malik bağına baş çəkir. Darıxanda Qubaya, oradan da Bakıya gəlib gəzib-dolaşır.

Onun xaricə çıxmasına icazənin olmadığı bildirilir. Halbuki bir zamanlar şəxsi təyyarəsi olan Məmmmədov istədiyi ölkəyə gedib, istədiyi şəxslərlə görüşürdü. Yayılan məlumatlardan belə aydın olur ki, ölkədən oğurladıqları pullar hesabına Ziya Məmmədov və onun ailəsi xaricdə də ailə bizneslərini inkişaf etdirib, yeni əlaqələr qururmuş. Hazırda Ziya Məmmədovun xaricdəki əmlaklarının da yavaş-yavaş müsadirə olunduğuna dair məlumatlar yayılır.

Azərbaycanda isə Məmmədovların əsas ailə bizneslərindən biri “Garant Holdinq” hesab olunurdu. Hazırda bu holdinq də sürətlə çökməkdədir.

Onu da qeyd edək ki, Ziya Məmmədovun xüsusi adamlar saxladığı və onlardan lazım olduğu zaman məharətlə istifadə etdiyi ilə bağlı mətbuatda bir sıra faktlar var. Elə bir zamanlar “Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlunu da məhz Məmmədovların “qoçuları” döymüşdülər. F.İlqaroğlu hazırda Almaniyada mühacirətdədir. 25 aprel 2014-cü il tarixində F. İlqaroğlu “Yeni Müsavat”da çalışdığı ərəfədə saat 10 radələrində yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən amansızlıqla döyülmüş, fiziki təzyiqə məruz qoyulmuşdu.

Nizami Rayon Polis İdarəsi əməkdaşları jurnalisti döyən Feyruz Termişi tutulandan sonra etiraf edib ki, jurnalistin döyülməsi sifarişini Kikboksinq Federasiyasının keçmiş idmançısı Tural Bayramovdan alıb. Bu şəxsin isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədovun oğlu Aynar və Elnur Məmmədovlarla çox sıx əlaqələri üzə çıxmışdı. O dövrdə sifarişi icra edən Feyruz Termişi saxlanılsa da, Tural Bayramov və əsas sifarişçi Aynar Məmmədov istintaqdan kənar qala bildilər. Səbəb də sadə idi – Aynar Məmmədovun əmisi Ziya Məmmədov nazir, atası isə deputat idi. Tural Bayramov da iş üzrə açar fiqur olduğundan onu da istintaqdan yayındırmışdılar.

Hazırda mühacir həyatı yaşayan keçmiş əməkdaşımız Fərahim İlqaroğlu “Yeni Müsavat”a bildirib ki, Məmmədovlarla bağlı qaldırdığı işi Avropa İnsan Haqları Məhkəməsinə çıxaracaq: “Hazırda işlərimlə bağlı bir qədər məşğul olsam da bu işi Avropa Məhkəməsinə çıxarmağı düşünürəm. Hesab edirəm ki, ölkə məhkəmələrində tapdalanan hüquqlarım Avropa Məhkəməsində müdafiə olunacaq. Ən azından buna cəhd edəcəm. Yəqin ki, yaxın aylarda bu istiqamətdə konkret addımlar atacam. Məmmədovlar vəzifədə olduqları zaman konkret olaraq heç kim onlara təsir edə bilmirdi. Bütün hüquq-mühafizə orqanları Məmmədovların xeyrinə qərar çıxarırdılar. Hazırda isə Məmmədovların biznesi əllərindən alınır. Ümidim odur ki, yaxın aylarda onlarla bağlı hansısa qərar verilə bilər. Bu işdə Aynar Məmmədov istintaqa cəlb olunmalı idi. Əgər Baş Prokurorluq bu işi yenidən qaldırarsa, mən də ifadə verib, prosesin başlanmasına kömək edə bilərəm”.