Yeyib-içdikdən sonra tanışının başında butulka sındırmaqla onun ölümünə səbəb olmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Yeyib-içdikdən sonra tanışının başında butulka sındırmaqla onun ölümünə səbəb olmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Tamella Nəsrulayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S.İsmayılov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, S.İsmayılov həmkəndlisi mərhum Əzizli Əlihüseynlə birlikdə Xaçmaz rayonunda “Fəhlə” kafesində yeyib-içiblər. İçki qəbul etdikdən sonra mübahisə ediblər. Tərəflər bir-birini söydükdən sonra S.İsmayılov masada olan araq şüşəsini Əlihüseynin başına vurub.
Əlihüseyn mübahisədən sonra kafeni tərk edib. Ov bıçağı götürərək kafeyə qayıdıb və Sərxanı öldürəcəyini deyib. Kafedə olanlar Əlihüseyni sakitləşdirib, evə yola salıblar.
Əlihüseyn evə gedərək uşaqları ilə görüşüb. Daha sonra həyat yoldaşı ilə söhbət edib. Ardınca yataq otağına keçən Əlihüseyn bir neçə dəqiqə yatıb. Daha sonra qışqıraraq həyat yoldaşını çağırıb. Həyat yoldaşı otağa daxil olarkən Əlihüseyn özündə olmayıb və onu tanımayıb. Əllərini döşəməyə çırparaq qışqırmağa başlayıb.
Təcili yardım çağırılıb və onu xəstəxanaya çatdırıblar. Xəstəxanada məlum olub ki, Əlihüseynin beyninə qan sızıb və vəziyyəti ağırdır. Bir neçə gün sonra Əlihüseyn dünyasını dəyişib. Elan olunmuş ittihamla Sərxan İsmayılov özünü qismən təqsirli bilib.
Qeyd edək ki, Sərxan İsmayılov Özbəkistanda doğulub. Bir yaşında övladı var. Orta təhsillidir, rayonda fəhləlik edib. Hadisə bu il Xaçmazda baş verib. Ə.Əzizli xəstəxanaya yerləşdirilib. 3 gün sonra isə dünyasını dəyişib.
Qeyd edək ki, Sərxan İsmayılova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir.