Fazil Mustafaya sui-qəsd əmri vermiş şəxs Şaxta Babaya qarşı – Video

Fazil Mustafaya sui-qəsd əmri vermiş şəxs Şaxta Babaya qarşı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Fazil Mustafaya sui-qəsd əmri verdiyini etiraf etmiş Azər Səricanovun yutub kanalında vaxtilə etdiyi çıxışlar var. Tribunainfo.az məlumat verir ki, Hacı Azər kimi tanınan terror təşkilatçısı həmin moizələrindən birində Yeni İl bayramı əleyhinə danışır, Şaxta Baba personasına qarşı çıxır, geridəqalmış və cahil bir mövqedən fikirlərini açıqlayır. Həmin çıxışı təqdim edirik ki, izləyicilər deputata sui-qəsdi sifariş etmiş bir mövhümatçının yerinin həbsxana yox, Ərəbistan, Əfqanıstan, İran olduğunu görsünlər. Qeyd edək ki,
Səricanov 2019-cu ilin oktyabr ayının 3-dən 30-dək İranın Rey şəhərində səfərində olub. O, Reydə təqsirləndirilən Rəşad Əhmədov və “Hüseyniyyun” qrupunun digər üzvləri ilə görüşündə, eləcə də bundan sonrakı danışıqları zamanı dini fanatizm zəminində millət vəkili Fazil Mustafanın xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə ona qarşı sui-qəsd (terror aktı) törədilməsi planlaşdırılıb.
Səricanov ittiham aktında yazılanlardan bəzi hissələrlə razı olmayıb, lakin Fazil Mustafanın odlu silahla vurulmasına göstəriş verdiyini təsdiqləyib. Müttəhimin dediyinə görə, deputatın dinlə bağlı səsləndirdiyi fikirlərdən və sosial şəbəkələrdə imamlar haqqında yazdıqlarından qıcıqlanıb, onu cəzalandırmaq qərarına gəlib:

“İnsanın dini etiqad azadlığı var. Dövlət xadimi olmur, lap kim olursa olsun, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sataşa bilməz. Aşura gününü qeyd edənlər haqqında “hürürlər, mələşirlər” demək nə deməkdir? 2019-cu ildən bu adamın dedikləri, yazdıqları məni narahat edirdi. 2020-ci ildə Qarabağ müharibəsində şəhidlərlə bağlı səsləndiyini fikirlər isə lap ağ oldu. Dəfələrlə Fazil Mustafanın dini fikirlərilə bağlı müvafiq qurumlara şikayət etmişəm. Sonradan “Facebook”da onun özünə və oğluna da yazdıq, yenə xeyri olmadı. Sonra bu qərara gəldim”.

Müttəhim ifadəsinin davamında deyib ki, sui-qəsd planı qurduqdan sonra İrana gedib, millət vəkilini cəzalandıracaq şəxsin sığına bilməsi üçün yer axtarıb:

“Bilirdim ki, başqa ölkələr həmin adamı tutub Azərbaycana təhvil verərlər. Buna görə də İranda axtarmağa başladım. Amma oradan istədiyim formada cavab ala bilmədim. Bakıya qayıdandan sonra Fazil Mustafa ilə bağlı özüm araşdırma apardım. Evinin yerini, hərəkət marşrutunu öyrəndim, sonra isə məclislərin birində cinayəti icra edən Səbuhi Şirinovla tanış oldum. Söhbətimiz əsnasında öyrəndim ki, Səbuhi xüsusi təyinatlılarda MAXE olub. O dəqiqə bildim ki, mənə lazım olan adam budur”.

Səricanov S.Şirinovu cinayət törətməyə necə cəlb etməsindən də danışıb:

“Mən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul idim. Səbuhiyə də məhsul verməyə başladım. Onunla Fazil Mustafa haqqında danışanda dedi ki, hamı zəncir çeynəyir onun əlindən. Yavaş-yavaş münasibətimiz yarandı, sui-qəsd planının müzakirəsi başladı”.

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək deyil, cəzalandırmaq olub. Buna görə də əvvəldən danışıblar ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın:

“Onun çiyninə dəyən güllə başına dəyə bilərdi. Məqsəd onu öldürmək yox, cəzalandırmaq idi.

Deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi və bu məqsədlə Rəşad Əhmədov vasitəsilə mənə 30 min dollar verilməsi haqda ittihamda yazılanlar isə həqiqət deyil”.