Fazil Mustafa xalq şairinə və alimə CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

F.Mustafa vurğulayıb ki, biz türkük, ancaq yalnız türk mədəniyyətinin daşıyıcısı deyilik
 Rusiyada çıxışımda qeyd etdim ki, biz yalnız türk mədənyyətinin deyil, rus və başqa mədəniyyətlərin də daşıyıcılarıyıq. Mətbuatda “rus mədəniyyəti” ifadəsi yanlış olaraq “slavyan mədəniyyəti” kimi qeyd olundu. Mahiyyətcə bir şey dəyişmir, maraqlıdır ki, dəyərli ziyalılarımız nəyə etiraz edirlər?

TİA.AZ xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “biz həm də slavyan mədəniyyətinin daşıyıcılarıyıq” ifadəsinə və ziyalıların bu fikrə etirazına münasibət bildirərkən qeyd edib. F.Mustafa vurğulayıb ki, biz türkük, ancaq yalnız türk mədəniyyətinin daşıyıcısı deyilik:

“Dünyada təkcə öz mədəniyyətinin daşıyıcısı olan hansısa dünyadan təcrid olunmuş Afrika xalqı ola bilər. Məgər 1918-ci ildə Cümhuriyyət quruluşunu biz türk mədəniyyətindən əxz etdik? Yaxud islamı türk mədəniyyətindən götürdük? Qori Müəllimlər Seminariyasıını türk mədəniyyətindən ilhamlanaraq həzm etdik? Bizim kültürümüz, öncəlikli mədəniyyətimiz əlbəttə türk mədəniyyətidir, ancaq eyni zamanda, Qərb mədəniyyətinin də, rus mədəniyyətinin də, ərəb mədəniyyətinin də, İran mədəniyyətinin də bir çox ünsürlərini özümüzdə daşıyırıq. Eyni zamanda, Anadolu türkləri Bizans mədəniyyətinin daşıyıcılarıdır, ruslar da Böyük Çöl (türk) mədəniyyətinin daşıyıcılarıdır, burada etirazın əsasını doğrusu anlamaq olmur. Əgər vətənpərvər görünmək naminə deyilməlidirsə ki, biz ancaq və ancaq türk mədəniyyətinin daşıyıcılarıyıq, bu mənlik məsələ deyil. Faktla danışa bildimmi?”

Qeyd edək ki, F.Mustafanın “Moskva-Bakı oxu” konfransında çıxışı zamanı “biz təkcə türk yox, həm də slavyan (rus) mədəniyyətinin daşıyıcısıyıq” sözlərinə xalq şairi Sabir Rüstəmxanlı və tarixçi alim Kərəm Məmmədov etiraz etmişdilər. K.Məmmədov Fazil Mustafanı faktla danışmağa çağırmışdı.