Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə yenidən kəllə-kəlləyə gəlib.
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə yenidən kəllə-kəlləyə gəlib.
Bir müddət öncə aralarında dini məsələyə görə ciddi mübahisə yaranmış siyasətçilər bu dəfə də eyni prizmadan üz-üzə dayanıblar.
Fazil Mustafa Sərdar Cəlaloğlunun Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazmaq iddiasını gülüşlə qarşılayıb: “Sərdar Cəlaloğlu adlı dünya şöhrətli alimimiz yazıb ki, bəs o, Quranın elmini, fəlsəfəsini və sosiologiyasını yazır. Mən də belə bir cümləni işlədən adamın əqli problemi olduğunu yazmışam. Adam mənim bir cümləmin mənasını anlamayıb, ancaq qosqoca Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazdığını iddia edir. Elə bilir bəlkə bu sözləri paxıllıqdan yazmışam. Yəni Quran barədə hər bir düşünən insan, hansısa alim öz mülahizə və görüşlərini yaza bilər, ancaq Quranın elmini yazmaq iddiası ilə çıxış etmək, başqalarını bilmirəm, mənə elmi dolandırıcılıq, yəni dələduzluq kimi gəldi. Çünki hətta İslam dünyasının ən nəhəng alimi sayılan İmam Qəzzali belə Quranın elmini yazdığını iddia etməyib. Sərdar Cəlaloğlu isə Quranın elmindən başqa fəlsəfə və sosiologiyasını da tamamlamaq üzrədir. Sərdar bəyin cavabında aşağıdakı cümlələri oxuyandan sonra isə, doğrusu adamla bu mövzuda müzakirəyə girdiyimə görə xeyli peşiman oldum. Biz yan-yörəmizdəki dahiləri tanımayacaq qədər geridə qalmışlarıq, deyə düşündüm.
Hörmətli Sərdar bəyin cavabından önəmli hissəni olduğu kimi verirəm: “Mən özümü nə Fərabidən, nə İbn Sinadan, nə də başqalarından aşağı sayıram. Onlar yaza bilərlər, amma mən niyə yox? Mən özümü alim sayıram. Əgər alim olmaq Fazilin gözündə əqli qusurdusa, bu başqa söhbətdir. Alimliyimi başqa sahələrdə də göstərmişəm. Yazım Nobel mükafatında gizli səsverməyə qədər gedib çıxıb. Fazil bəyin dediklərinin mənə heç bir aidiyyatı yoxdur.
Çox yanlış danışır. Elmdə mən dünya səviyyəsinə çıxmışam. Nobel mükafatına iddiali kimi danışıram. İnanıram ki, kitabım İslam dünyasına analoqu olmayan kitab olacaq. Fazil bəy də bu kitabdan bəhrələnəcək. Onun dediklərinə fikir verməyin. Biriləri işləyir, bekarlar onların işini tənqid edirlər. Fazil bəy burada ikincilərdəndir”.
Ay gözəlim Azərbaycan, sənin qoynunda necə dahilər yetişmiş… Fərabi, Şeyx Nizami, Məhəmməd Füzuli, Sərdar Cəlaloğlu…”. (modern.az)