“Körpə Zəhranın faciəli ölümü yalnız içində Qarabağ dərdini yaşayan azərbaycanlılar üçün deyil, millətindən, dinindən asılı olmayaraq, körpə ölümünə acıyan normal düşüncəli bəşər insanı üçün də üzüntü yaratdı”.
“Körpə Zəhranın faciəli ölümü yalnız içində Qarabağ dərdini yaşayan azərbaycanlılar üçün deyil, millətindən, dinindən asılı olmayaraq, körpə ölümünə acıyan normal düşüncəli bəşər insanı üçün də üzüntü yaratdı”.
TİA.AZ xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, cəmiyyətin məsələyə reaksiyası da anlaşılan və yerində olub:
“Hər kəs öz imkanları daxilində öz duyğularını, düşüncələrini, etirazını ortaya qoymağa çalışdı. Burada həm səmimi şəkildə Zəhranın ölümünü dünyaya çatdırmaq işinə qoşulmuş insanları da, populist yanaşma sərgiləyənləri də təqdir etmək lazımdır, çünki Azərbaycanın haqlı davasının təbliği baxımından hər birinin hansısa məqamda faydası ola bilər. Ancaq bir sıra yanaşmalar var ki, bunların daha dəqiq cilalanması daha məqsədəuyğun olardı. Məsələn, qızının ölümündən sonra Zəhranın atasının işlə təmin olunması barədə məlumatın tirajlanmasına xüsusi zərurət yoxdur. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı kimi onun işlə təmin olunması yaxşı haldır, burda kimin rolu olubsa Allah ondan razı olsun, ancaq mətbuatda bu tirajlananda bir qədər fərqli rezonans verə bilər. İmkan varsa, bütün işsiz Azərbaycan vətəndaşları işlə təmin olunmalıdır, buna görə illah da kiminsə övladının ölümünü gözləmək lazım deyil ki?”.
F.Mustafanın sözlərinə görə, yerlərdə səlahiyyətli şəxslər işsiz insanların hamısının məşğulluğu üçün yollar axtarmalıdırlar, sahibkarları təşviq etməlidirlər ki, qalıcı iş yerləri açsınlar, yaxşı maaş versinlər ki, insanlarımız dolanışıq sıxıntısı çəkməsinlər:
“Digər bir məsələ, bir çoxlarının Zəhranın faciəli ölümünü təbliğ etmək yerinə bundan istifadə edərək digər insanları qaralaması, təhqir etməsidir. Televiziyanın tanınmış ekiz bacı aparıcıları əvvəlcədən planlaşdırılmış şəkildə qardaşlarına toy edirlər. Hamı təhqir etməyə başlayır ki, niyə toyunuzu təxirə salmamısınız! Bax bu cür saxta, qondarma vətənpərvərliyə qarşı mütləq fikir bildirmək lazımdır. Yaxud da filan televiziya niyə konsertini yarıda kəsmədi? Adama deyərlər ki, sən öz işinlə məşğul ol, günahsız uşağın öldürülməsi ilə bağlı təbliğat kampaniyası üçün əlindən gələni et, başqa insanların davranışını müzakirə etmə, özgəsinin yaşamına burun soxma!
O insanlar ki, sosial şəbəkədə, mətbu çıxışında məhz bu ölümlə bağlı toplumun hisslərinə sataşırlar, o zaman hansısa sərt reaksiyaya haqq qazandırmaq olar. Əks halda bütün azərbaycanlılara irad bildirmək olar ki, niyə Şuşa, Kəlbəcər, Laçın işğal olunandan sonra 25 ildir toy edirsiniz, Aprel şəhidlərinin ölümündən bir il keçib, hər gün konsert verirsiniz, ümumiyyətlə, Qarabağ gedib, niyə yeyib-içirsiniz, hava alırsınız? Belə çıxır ki, bir neçə gün hamının səmimi və ya süni olsun, kədərli görünməyi kifayət edir, sonra istədiyimiz kimi əylənə bilərik. Halbuki sağlam düşüncəli insan anlayır ki, biz müharibə içindəyik, ölümüzü dəfn edib ağlaya-ağlaya qala bilmərik, dünyanın qarşısında şux duruşumuz davam etdirməliyik. Toyumuzu da etməliyik, yarışımızı da keçirməliyik, təbliğatımızı da aparmalıyıq, cəhbədə savaşımızı da yürütməliyik, Cocuq Mərcanlını da bərpa etməliyik, dərsimizi də oxumalıyıq, şeirimizi də yazmalıyıq! Vətənpərvərlik- hər kəsin Vətənin bu günü və gələcəyi üçün imkan və bacarığını başqasının həyatına boylanmadan fədakarlıqla ortaya qoymasıdır. Yoxsa, “qonşum əsgərlikdən yayınırsa, o zaman mən də əsgər getmirəm”, yaxud da “niyə filan varlının oğlu ölmür, mənim oğlum şəhid olur” mühakiməsi ilə məsələyə yanaşsaq, özümüzə aid olan məsələlərin həllindən yayınmağa istənilən bəhanə tapmaq çətin deyil ki…”.
Deputat sonda fikirini belə bitirib:
“Körpə Zəhranın ölümü ilə Qarabağla bağlı dünyanın aparıcı güclərinin siyasəti dəyişməyəcək, ancaq bizim düşməni ifşa kampaniyamız üçün birlikdə hərəkətimiz, yardımlaşmamız üçün, beynəlxalq arenada işğalçı dövlətin vəhşiliyini ifşa etmək üçün mövcud arqumenti doğru tirajlamaq, eşitməyən qulaqlara çığırmaq imkanımız yaranıbsa, o zaman hədəfdən yayındırıcı işlərlə məşğul olmağa dəyərmi?”.
İlahə