Deputat Fazil Mustafa sosial şəbəkədə yazdığı statusda Konkret.az və Demokrat.az saytlarını sərt tənqid edərək onları İran şəbəkəsinə aid sayt adlandırıb.
Tribunainfo.az yazır ki, millət vəkili bildirib ki, düşmən şəbəkəsi bizim məkanda görün necə rahatlıqla toz-tozanaq qaldıra bilir:
“Hələ ki, heç bir instansiyaya əlilllik və ya başqa məsələ ilə bağlı hansısa müraciətim olmayıb. Törədilən terror aktı nəticəsində baş verən xəsarətin dərəcəsinin müəyyənləşməsi sadəcə məhkəmə prosesi üçün zərurət təşkil edir. Hətta belə bir müraciət olsaydı belə burada hansısa hüquqi və ya tibbi imtiyazdan deyil, real bir durumdan söhbət gedərdi. Məhz bunu yaxşı bilən və gələcəkdə məhkəmədə ifşa olunacağını anlayan İran xüsusi xidmət orqanları bizim bəzi savadsız media və sosial şəbəkə ünsürlərini qəsdən yönləndirərək yalan informasiyanı necə tirajladılarsa, milli başıboşlarımız da sürü şəklində bu kampaniyanın aktiv iştirakçısına çevrildiıər. Digər tərəfdən hakimiyyət içindən bəzi dairələrin dəstəklədiyi konkret.az və demokrat.az kimi saytların da İran şəbəkəsinə aid saytlarla birlikdə şəxsimizə qarşı hücumlara başlaması düşmənin necə koordinasiyalı və mütəşəkkil fəaliyyətininin mövcudluğunu göstərir. Heç narahat olmayın. heç bir uydurduğunuz yarlıqlar, sifarişli ifşalar, atdığınız söz və silah güllələri məni doğru bildiyim, həyatımı qoyduğum məmləkət davasından çəkindirə bilməz”.
F.Mustafanın bu sözlərinə Demokrat.az saytının baş redaktoru Vasif Həsənlinin cavabı gecikməyib. Deputatın şərhinə V.Həsənli bu sözləri yazıb:
“Fazil bəy, sizin haqqınızda yazılan yazı Demokrat.az-da dərc olunmayıb. Maraqlıdır ki, siz hansı şəbəkənin üzvü kimi milli maraqlara xidmət edən Demokrat.az-a böhtan atırsız? Təkrar edirəm, sizinlə bağlı saytımızda elə bir yazı getməyib. Ya saytımızın adını statusunuzdan silin, ya da öz dilinizdə sizə cavab veriləcək!”.