FED rəhbəri bildirib ki, avqust ayında ölkədə 170 min nəfər işsiz var ki, bu da işsizliyin 4,2% səviyyəsində olmasından xəbər verir
“ABŞ iqtisadiyyatında bu il ən böyük sürpriz inflyasiya olub”. “APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellen bildirib.
Ölkə iqtisadiyyatının bu il mülayim şəkildə artdığını deyən C. Yellen əlavə edib ki, Texas, və Floridada baş verən təbii fəlakət üçüncü rübdə iqtisadi artım tempinə təsirsiz ötüşməyəcək, lakin bu proses uzunmüddətli olmayacaq. Onun fikrincə, istehlakçıların xərcləri, özəl sektorun yatırımları və ixracatçıların dəstəyi ilə bu il iqtisadi artım tempi 2,5% təşkil edəcək.
FED rəhbəri bildirib ki, avqust ayında ölkədə 170 min nəfər işsiz var ki, bu da işsizliyin 4,2% səviyyəsində olmasından xəbər verir: “Fikrimcə, növbəti aylarda işsizlik ciddi şəkildə azalacaq”.
İnflyasiyaya toxunan baş bankir deyib ki, son aylar ərzində bu göstərici olduqca zəif olub: “İnflyasiyada son zamanlar izlədiyimiz zəiflik əsl sürpriz oldu. Düzdür, buna bəzi xidmətlər üzrə qiymətlərin azaldılması da təsir edib. Buna baxmayaraq, bu cür sürprizlər bizi çaşdırmamalıdır. Mənim proqnozlarıma əsasən, gələn il inflyasiya artım nümayiş etdirəcək. FED rəhbərliyində təmsil olunan bir çox məsləkdaşlarım da analoji proqnoza malikdir. Gələn il artıma başlayan inflyasiya 2019-cu ildə 2% səviyyəsinədək yüksələ bilər”.
C. Yellen qeyd edib ki, rəhbərlik etdiyi qurum bu aydan etibarən 4,5 trln. dollar həcmində olan balansın azaldılmasına (ayda 10 mlrd. dollar) başlayacaq. Onun sözlərinə görə, uçot dərəcəsinin artırılması prosesi davam etdiriləcək və FED rəhbərliyi buna müsbət baxır. Buna baxmayaraq, C. Yellen 12-13 dekabr tarixlərində keçiriləcək iclasda uçot dərəcəsinin artırılıb-artırılmayacağına dair siqnal verməyib.