“Facebook”un qurucusu Mark Zukerberq qarşıdakı 18 ay ərzində şirkətdə ona məxsus olan səhmlərdən bir qismini satacaq.
“Facebook”un qurucusu Mark Zukerberq qarşıdakı 18 ay ərzində şirkətdə ona məxsus olan səhmlərdən bir qismini satacaq.
Bunu M. Zukerberq öz “Facebook” səhifəsində açıqlayıb. O, xeyriyyə məqsədləri üçün 35-75 milyon ədəd səhm satacağın bildirib.
M. Zukerberq həyat yoldaşı Pristsilla ilə birlikdə həyatları boyunca “Facebook”da onlara aid səhm paketinin 99%-ni satmaq planlarını təsdiqləyib: “Biz bu işi sürətləndirmək və paketin böyük hissəsini satmaq istəyirik. Mən elm, təhsil və hüquq sahəsindəki layihələrimizi maliyyələşdirmək üçün önümüzdəki 18 ayda 35-75 milyon arası səhm satmağı düşünürəm”.
“Facebook”un səhmlərinin hazırda birjadakı dəyəri (170,54 dollar) nəzərə alındıqda, M. Zukerberq bu satışdan 5,9 – 12,8 milyard dollar arasında gəlir əldə edə bilər.
M. Zukerberq şirkətdəki payının azalmasından sonra da ona “Facebook” üzərindəki nəzarəti saxlamağa imkan verəcək yeni səhm növünün yaradılması təklifini geri götürdüyünü də bəyan edib. Bu, səhmlərinin dəyərinin artması ilə bağlıdır. Lakin iş adamı qeyd edib ki, şirkət üzərində nəzarətini azı 20 il ərzində saxlamaq fikrindədir.
Xatırladaq ki, 2015-ci ilin dekabrında Zukerberq “Facebook”dakı səhmlərinin 99%-ni xeyriyyə və ictimai fəaliyyət üçün sərf edəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu pullar insan potensialının inkişafına və bütün dünyada uşaqlar üçün bərabər imkanların yaradılmasına sərf olunmalıdır. 2016-cı ilin sentyabrında Mark və Pristsilla hazırda mövcud olan bütün xəstəliklərin müalicəsinə yönəlmiş tədqiqatlar üçün 3 milyard dollar ayıracaqlarını elan ediblər. Bu vəsait 10 il ərzində ayrılacaq. İlk mərhələdə San Fransiskoda “Biohub” adlı laboratoriyanın yaradılması nəzərdə tutulub. Orada ABŞ-ın nüfuzlu universitetlərinin (San Fransisko, Berkli, Stenford) alim və mühəndisləri çalışacaq. Laboratoriyanın ilkin məqsədi xəstəliklərin vaxtında üzə çıxarılması və müalicəsi üçün “yol xəritəsi”nin hazırlanması olacaq. M. Zukerberq istənilən infeksion xəstəliyin diaqnostikası üçün xüsusi çipin yaradılmasını da mümkün sayıb.
Qeyd edək ki, M. Zukerberq “Facebook”un səslərin 54%-nə nəzarət edən ən iri səhmdarıdır. Şirkət ümumilikdə 2,27 milyard ədəd A və 557,5 milyon ədəd B səhmi buraxıb. B sinfindən olan hər səhmin 10 səs, A sinfindən olan hər səhmin isə 1 səsi var. 2015-ci ildə M. Zukerberqin təxminən 4 milyon ədəd A səhmi və 419 milyon ədəd B səhmi var idi.
lent.az