backend

“Facebook-un ölkəyə girişinə blok qoyula bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliklərlə bu qanunun məqsədi arasında uyğunsuzluq var. Çünki bu, açıq texniki bir qanundur, indi isə orada məzmun tənzimləmə məsələləri gündəmə gəlib. İnternet KİV sayıldığı üçün, əslində internet medianın məzmunu KİV haqqında qanunla tənzimlənir”. 
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliklərlə bu qanunun məqsədi arasında uyğunsuzluq var. Çünki bu, açıq texniki bir qanundur, indi isə orada məzmun tənzimləmə məsələləri gündəmə gəlib. İnternet KİV sayıldığı üçün, əslində internet medianın məzmunu KİV haqqında qanunla tənzimlənir”. 

Bunu media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, KİV haqqında qanunda da çox aydın şəkildə göstərilib ki, qanunla qorunan sirlərin, yaxud da məxfi informasiyaların yayılması məsuliyyət yaradır: “Ayrıca Cinayət, İnzibati Xətalar, Mülki məcəllələrdə və s. məsuliyyətlə bağlı xeyli müddəalar var”.

Ekspert bildirib ki, əvvəllər qanunvericilikdə bununla bağlı hansısa məhdudiyyət yox idi: “İndi tətbiq olunan yeniliyin internet azadlığını məhdudlaşdıracağını düşünürəm. Çünki burada müvafiq icra hakimiyyəti orqanı məhkəmə qərarı olmadan, 8 saatdan sonra artıq istədiyi resursu bağlaya biləcək”.

“Doğrudur, sonradan bu məsələ məhkəmə vasitəsilə mübahisələndirilə bilər. Düşünün ki, bəri başdan informasiya bloklanır, giriş məhdudlaşır, bağlanır, amma sonra başlayırsınız hüquqi yol axtarmağa ki, özünüzü qoruyasınız. Halbuki sizin nəyi düz yazıb-yazmadığınızı hələ heç kim bilmir. Yəni, bunu ancaq məhkəmə bilərdi ki, qanunla qorunan, yoxsa qorunmayan məlumatı yazmısınız” — deyə o, qeyd edib.

Ə. Məmmədlinin fikrincə, bu prosedur gələcəkdə “az” domeninin inkişafına da mənfi təsir göstərəcək: “Artıq resurslar, xüsusilə informasiya resursları kütləvi şəkildə “az” domenindən imtina edəcək. Çünki onlara davamlılıq lazımdır. Əgər bilsələr ki, bağlana bilərlər, o zaman onlar “az” domenində deyil, “com”, “org” və digər domenlərdə fəaliyyətlərini davam etdirəcək”.

“Bu yeniliyi digər domenlərə tətbiq etmək mümkün deyil. Çünki xaricdə yerləşirlər. Sadəcə ölkəmizdə onların görünməsini bloklaya bilərlər. Burada da sıxıntılar yaranacaq. Məsələn, “Facebook” statusunda kimsə yanlış bir şey yazıbsa, biz “Facebook”a 8 saat ərzində desək ki, onu silin, “Facebook” deyəcək ki, “qaydalarıma görə, bunu silə bilmərəm, şəxs özü silməlidir” və s. Belə olan halda ancaq “Facebook”un bütünlüklə ölkəyə girişini bloklaya bilərik. Ya da hansısa provayderlər üzərindən “Facebook”a girişi bloklamaq olar”.

“Yəni, sözügedən qanunu tətbiq etmək o qədər də asan olmayacaq. Tətbiq olunsa belə, xeyli problemlər yaradacaq” — deyə mütəxəssis qeyd edib. 


 

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında problemə başqa kontekstdən yanaşıb: “Burada “hərbi senzura” ifadəsi işlənib və ancaq hərbi vəziyyət rejimi tətbiq olunarsa, konkret o ərazidə informasiyanın yerləşdirilməsi icazə ilə olmalıdır. Hərbi komendantın, hərbi vəziyyət rejiminə baxan məsul şəxslərin razılığı ilə olmalıdır. Çünki bu məlumat düşmən üçün hansısa bir addımın atılması üçün səbəb ola bilər. Məsələnin mahiyyəti budur. Yoxsa burada hansısa bir senzura, qadağa, yaxud fikir məhdudiyyətindən söhbət gedə bilməz”.

“Mülki xarakterli hansısa bir məsələnin yerləşdirilməsində problem yoxdur. Hərbi məzmunda ola biləcək məsələlərə daha çox diqqət yetirilir” — deyə millət vəkili bildirib.

Qeyd edək ki, ötən həftə Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib. Millət vəkili Əflatun Amaşov parlamentdə qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, dünyanın bir çox qabaqcıl ölkələrində internet hüquqi münasibətlər sistemində çıxış edir.

“Bu o deməkdir ki, internet məkanı virtuallıqdan reallıq müstəvisinə daxil olub. Nəticədə, konkret məsuliyyət növləri müəyyənləşib” — Amaşov əlavə edib.

O, hesab edir ki, Azərbaycanda eyni proses gedir və getməlidir: “Əlbəttə, müəyyən məsələlər var ki, onlarla bağlı mübahisə etmək olar. Çünki mahiyyətcə bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə ehtiyac var. İndiki dövrdə unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq. Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanının da tənzimlənməsi zəruridir. Hər kəs əmin olsun ki, bu dəyişikliklər heç də söz və ifadə azadlığının məhdudlaşdırılması demək deyil”.