“Facebook” kəşfiyyatçıları işə götürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” sosial şəbəkəsi məxfi informasiyalara çıxışı olan şəxsləri işə götürməyi planlaşdırır
 “Facebook” sosial şəbəkəsi məxfi informasiyalara çıxışı olan şəxsləri işə götürməyi planlaşdırır

İKT.lent.az-ın Bloomberg”ə istinadən verdiyi məlumata görə, kəşfiyyatçıları işə götürməkdə məqsəd başqa dövlətlərin ABŞ-da seçkilərin nəticələrinə və ölkə ictimai rəyinə təsir göstərməsinin qarşısını almaqdan ibarətdir. “Facebook” idarəçiləri hesab edir ki, məxfi informasiyalara çıxışı olan şəxslər sosial şəbəkədə dağıdıcı fəaliyyəti operativ şəkildə üzə çıxara, eləcə də ABŞ rəhbərliyindən potensial təhlükələr barədə informasiyalar ala bilər.
 
“Bloomberg”ə açıqlama verən mənbə bildirib ki, məxfi informasiyalar barədə məlumatlı şəxslər adətən milli təhlükəsizliyin müdafiəsi ilə məşğul olan dövlət idarələrinin, eləcə də bu qurumlarla əməkdaşlıq edən özəl sektorun təmsilçiləri olurlar. Bu cür şəxsləri işə götürmək praktikası ABŞ-da mövcuddur. Son illər ərzində bu tip mütəxəssislərə tələbat artıb.

”Facebook”un rəsmi nümayəndəsi məsələ ilə bağlı şərh verməyib. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Milli Kəşfiyyatı da şərh verməkdən imtina edib.

Xatırladaq ki, “Facebook” ABŞ-dakı 2016-cı il prezident seçkilərindən əvvəl Rusiya ilə əlaqəli səhifələrin siyasi reklamlar vasitəsilə seçkilərin nəticələrinə və ölkə ictimai rəyinə təsir göstərməyə çalışdığını açıqlayıb. Sosial şəbəkə 3 minə yaxın bu cür reklam-elanı silib və müvafiq məlumatları Konqresə təqdim edib. “Facebook”un qurucusu və rəhbəri Mark Zukerberq siyasi xarakterli reklam-elanların yerləşdirilməsi prinsiplərinə yenidən baxacaqlarını bildirib.