Eyni şirkət üçüncü dəfə ANAMA-nın tenderində qalib oldubackend

Eyni şirkət üçüncü dəfə ANAMA-nın tenderində qalib oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) “Tibbi yardım nəqliyyat vasitələrinin satın alınması” üçün bu ilin aprelin 5-də elan etdiyi tenderin nəticələrini və qalibini bu gün açıqlayıb.

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 760.500 manat olan tenderin qalibi “Azərmaş Group” MMC (VÖEN: 1404517221) olub.
Tenderin şərtlərinə görə, şirkət ANAMA-nı 13 ədəd tibbi avadanlıq və inventarlarla təchiz edilmiş tibbi yardım avtomobili ilə təchiz edəcək.

Qeyd edək ki, şirkət bununla üçüncü dəfə Agentliyin elan etdiyi tenderlərdə qalib olur. Belə ki, ilk dəfə 12 sentyabr 2022-ci ildə ANAMA-nın tibbi yardım nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibi olub və tərəflər arasında 1,5 milyon manatlıq satınalma müqaviləsi imzalanıb. İkinci tender isə bu ayın 5-də “Yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitələrinin satın alınması” məqsədi ilə elan olunub və bu dəfə də qalib eyni şirkət olub. Tərəflər 192 500 manatlıq satınalma müqaviləsi imzalanıb.

“Azərmaş Group” MMC-nin qalib olduğu tenderlər bununla bitmir. Belə ki, 2020-ci ilin noyabr-dekabr aylarını əhatə edən və bir-birinin ardınca elan edilən 3 tenderin də qalibi olub.

Belə ki, 17 noyabr 2020-ci idə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi avtomobillərin satın alınması tenderində qalib olub və tərəflər 2 milyon 512 min170 manatlıq satınlama müqaviləsi imzalayıblar.

Növbəti satınalma müqaviləsi isə dekabrın 3-də Kənd Təsərrüfatı Nazirliyi ilə imzalanıb və şirkət əldə etdiyi 154 000 manat müqabilində  nazirliyi 2 ədəd xüsusi təyinatlı avtomobillə təmin edib.
Şirkət 2020-ci ilin son tender müqaviləsini “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxs ilə bağlayıb və 1 milyon 560 min manat müaabilində Agentliyin aparatında və struktur bölmələrində istifadə olunacaq 10 ədəd avtobus, 5 ədəd mikroavtobus, 50 ədəd isə avtomobilin satın alınmasını həyata keçirib.

 

2021-ci ilin aprel ayını 28-də “Bakı Telefon Rabitəsi” MMC ilə adıçəkilən şirkət arasında “Yük avtomobillərinin satın alınması” məqsədilə ümumi məbləği 7 milyon 800 min manat olan satınlama müqavilə imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Azərmaş” ASC-nin törəmə şirkəti olan “Azərmaş Group” MMC 24 yanvar 2019-cu ildə qeydiyyata alınıb.

Nizamnanə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Adıgözəlov Rövşən Rəfail oğludur.

“Azərmaş Group” MMC-nin tərkibinə daxil olan avtomobil zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının 29-da baş tutub.

Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.