Emil Salamoğlu: “İkimiz də operativliyi sevirik, harasa gediriksə, ikimiz də eyni anda hazır oluruq”
Emil Salamoğlu: “İkimiz də operativliyi sevirik, harasa gediriksə, ikimiz də eyni anda hazır oluruq”
Nigar İxtiyarqızı: “Əgər o əsəbiləşib qışqırırsa, deməli, həddindən artıq nəsə böyük hadisə baş verib”
Onlar universitetdə eyni qrupda oxuyublar, eyni partada oturublar. Elə bir-birini tanıyandan dostluqları başlayıb. Tələbə yoldaşları 4 ildə şübhələnirmiş, aralarında pıçhapıçla danışırmışlar ki, onlar sevgilidirlər, ya yox… Hətta müəllimələrindən biri arada “o göy göz oğlan dərsdə sənə yaman baxır, heç gözünü çəkmir” deyə eyham da vururmuş. Amma iki il bu münasibət sadəcə dostluqdan ibarət olur, universitetin sonuncu illərində isə sevgiyə çevrilir.
Bu gün onlar ailəlidirlər. Hətta deyirlər ki, onlar sevgili olub evlənməsəydilər belə, uzun illərə dayanan dostluqları qalacaqdı. Beləliklə, müsahiblərimiz AzEuroNews.com saytının Azərbaycan bürosunun əməkdaşı Emil Salamoğlu və Axar.az xəbər portalının yazarı Nigar İxtiyarqızıdır (Bayan Nigar).
“Nigar bütün fanatlarımı “qətlə” yetirə-yetirə gedirdi”
Onların evinə üz tuturuq… Düz 19-cu mərtəbəyə qalxırıq. Yaxşı ki, məşhur teletamaşada deyildiyi kimi, lift gecə-gündüz işləyir.
Söhbətə onların tanış olmağına səbəb olan tələbəlik illərindən başlayırıq. Nigar deyir ki, 3-cü kursa qədər dost olsalar da, Emilin ondan hələ lap əvvəldən xoşu gəlirmiş: “İkimiz də 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə qəbul olmuşduq. Tanışlığımız da orda yaranıb. Lap sonralar deyirdi ki, hələ birinci kursdan səndən xoşum gəlirdi. Amma münasibətimiz 3-cü kursdan sonra başlayıb. Qrupda oğlanlar arasında yaxşı yazanlardan biri idi, qızlar arasında da mən… Həmişə aramızda bir rəqabət də olardı. Qrupumuzun uşaqları adətən jurnal siyahısına əsasən yan-yana otururdular. Emillə siyahıda adım yanaşı olmasa da, qaydanı pozub sonradan yanbayan oturduq”.
“Bəs əvvəldən xoşu gəlibsə, etiraf etməsi niyə 3 il vaxt aparıb?” sualıma cavab olaraq Emil deyir ki, buna gözləmək demək olmaz: “Bilirsiniz, bu o dövr idi ki, universitetdə məşhur idim, “Modern” adında qəzet də çıxarırdıq, yazılarıma görə fanatlarım da çoxalmışdı (gülür). Nigar da bütün fanatlarımı “qətlə” yetirə-yetirə gedirdi. Buna 3 il gözləmək deməzdim, sadəcə, proses özü gedirdi. Yaxşı dost idik və yavaş-yavaş hər şey öz yoluna düşdü”.
“Qızlar gələndə, məndə qısqanclıq yaranırdı”
Nigar isə deyir ki, dost olsalar da, Emili digər qızlara qısqanırmış: “Qəzet çap olunan vaxt universitetdə bütün tələbələrə çağırış etmişdik ki, kimin yazı qabiliyyəti varsa, bizim qəzetə yazı verə bilər. Hamı da gəlib Emili axtarırdı. Qızlar gələndə, istər-istəməz, məndə qısqanclıq yaranırdı. O özü də qısqandırmaq üçün qəsdən qız gələndə qarşılamağa məni göndərirdi. O vaxt bir Nigar varıydı, Emilin ondan xoşu gəlirdi. Mən də ona “qara Nigar” deyirdim. Deməli, bir dəfə təhsil haqqımı evdən göndərməmişdilər deyə, ödəyə bilməmişdim. Dekan gəlib sinifdə dedi ki, ödəyə bilməyənlər sabahdan dərsə gəlməsin, mən də pis oldum ki, qayıb düşəcək. Emil dedi ki, öz təhsil haqqımı gətirmişəm, sənin yerinə ödəyərəm. Onda dost idik, dedim elə şey olmaz. Bu da telefonunu stolun üstünə qoyub getdi kassaya ödəməyə. Bu vaxt telefonuna həmin “qara Nigar”dan mesaj gəldi. Mən də Emilin adından onunla yazışmağa başladım. Bu zaman təsadüfən onlar koridorda rastlaşırlar, qız deyir ki, bəs sən mənimlə yazışmırsan?.. İşin üstü açılır və ondan sonra araları dəyir”.
“Benimle evlenirmisin?”
…Və beləcə davam edən dostluq münasibəti zamanla sevgiyə çevrilir və bir müddət sonra evlənmək qərarına gəlirlər.
“İkinci kursda, dekabrda tətilə gedəndə, axırıncı dərsdən çıxıb ayrı-ayrı avtobuslara mindik. Mən həmişə pəncərə tərəfdə otururdum. Bu dəfə o ayrı, mən ayrı avtobusda pəncərə tərəfdə oturmuşduq. Gördüm ki, avtobusdan mənə baxır, əlində də kağız var, üstündə də “benimle evlenirmisin?” yazılıb. Mən də mesaj yazdım ki, qayıdım, danışarıq. Bu, zarafatyana bir şey olsa da, artıq Emil anons etmişdi” – deyə Nigar evlilik təklifini belə xatırlayır.
Emil deyir ki, xasiyyətləri oxşadığı üçün Nigar onun diqqətini çəkib: “Həm də yazı-pozu işlərimə onun tərəfindən diqqət çox olurdu. Bunun da rolu varıydı. Onun yazı-pozu işimə dəstəyi məni cəlb edirdi”. Nigar danışır ki, Emil ona tez-tez özəl yazılar ithaf edirmiş.
2012-ci ildə nişanlanan, 2013-cü ildə toyları olan cütlük jurnalist ailəsinin təməlini qoyur.
“Klaviaturanın üstündə hər cür yemək qırıntısı tapmaq olar”
“Xasiyyətimizdə oxşarlıqlar çoxdur. Çox təmkinli adamdır. Əvvəl də bunu bilirdim, amma evlənəndən sonra daha yaxşı gördüm. Onu əsəbiləşdirmək, özündən çıxarmaq çətindir. Əgər əsəbiləşib qışqırırsa, deməli, həddindən artıq nəsə böyük hadisə baş verib. Amma çox deyingən olmağını da deməliyəm”, – Nigar evlilikdən sonra həmkarının bu cəhətlərini kəşf edib.
Emil özü də pis tərəflərini etiraf edir: “Evə girən kimi, corablarımı çıxarıb hara gəldi tullayıram, bir də kompüterlə işləyə-işləyə yemək yeyirəm, klaviaturanın üstündə hər cür yemək qırıntısı tapmaq olar. “Yeni Müsavat”da işləyəndə də kompüterimin üstü başqalarından “fərqlənirdi”. İndi də evdən yazıram, çox vaxt evdə tək oluram, ona görə yeməyi də kompüterin başında yeyirəm. Nigar isə çox səliqəlidir. Yəni mən dağıdan olsam da, səliqə-sahman tələb edirəm. Onunla istəklərimizə gəlincə, demək olar ki, eynidir. İkimiz də operativliyi sevirik, harasa gediriksə, ikimiz də eyni anda hazır oluruq, bir-birimizi çox gözləməyə ehtiyac qalmır”.ğ
“Nigar əvvəllər çox qısqanc idi”
Söhbətin bu yerində Nigar çay süzməyə gedir və fürsətdən istifadə edən Emil onun qısqanclığından danışır: “Əvvəl çox qısqanc idi, hadisələrə çox emosional reaksiya verirdi. Amma indi bir qədər azalıb, daha da azalması üçün çalışıram. Bizim bir yerdə rahat yaşamağımızın səbəbi zövqlərimizin oxşar olmasıdır. Musiqi, geyim, film seçimində, insanlara baxış məsələsində eyni düşünürük. İkimizin də səyahət etməkdən xoşumuz gəlir. Hətta az maaşla işlədiyimiz dövrlər olub, bəzi xərcləri ixtisara salmışıq, amma əvəzində qarşımıza hədəf qoymuşuq ki, filan istirahət yerinə getməliyik”.
Yalnız ikisinə məxsus kitab…
Söhbət zamanı o da məlum olur ki, Emil onların şəxsi münasibətlərinin təsvir olunduğu bir kitab yazıb. Kitab çap da olunub, ancaq ikisindən başqa heç kimin oxumasına icazə vermirlər.
Emil jurnalist ailəsinin çətinliklərindən çox məsuliyyətinin olduğunu düşünür: “Sadəcə, jurnalist ailəsi istər-istəməz, diqqət mərkəzində olur, qohum-əqrəba nümunəvilik gözləyir, ev də ki gecə-gündüz redaksiyaya çevrilir. Bir də görürsən ki, evdə qızğın siyasi müzakirələr gedir, hərəmiz bir tərəfi tuturuq, yaxud mövzu təkliflərimiz olur. Yadıma düşəndə deyirəm ki, Nigar, bax, bu mövzunu işləyə bilərsən. Yəni, bizim ev bir gün redaksiya, ertəsi gün reportaj məkanı, səhər BMT-nin iclası, axşam Davos forumu olur. Yaxşı ki, Ukrayna Radası olmur (gülür). Ən əsası odur ki, iki jurnalistin başı bir qazanda qaynayır. Bunun da səbəbi tələbəlikdən təməli qoyulan münasibətlərin nəticəsidir.
Amma belə baxanda, hələ də subayam. Şəxsiyyət vəsiqəmdə də “subay” yazılıb, dəyişdirmirəm də. Düzdür, ailə quranda azadlıqlar yarıbayarı azalır. Sən də o azadlıqların buxovlanmağı ilə barışırsan. Amma harasa tək səfərə getməliyəmsə, bizdə o problemlər olmur”.
“…üç dəfə demişəm ki, yemək gətir, hələ soruşursan?”
Nigarın sözlərinə görə, Emil ən xırda bir məsələ üstündə mübahisə yarada bilər: “Bəzən Emil ən adi bir şeyə elə reaksiya verir ki… Məsələn, deyirəm ki, yemək yeyirsən? Deyir ki, fikirləşim deyərəm. Bir az keçir, yenə soruşuram. Deyir ki, qoy görüm hələ. Bir az keçəndən sonra bir də sual verirəm, deyir ki, bayaqdan üç dəfə demişəm ki, yemək gətir, hələ soruşursan? Çünki mən hər dəfə soruşanda onun diqqəti yazıda olur, adama fikir vermir”.
Emil deyir ki, indi bütün hadisələr iki jurnalistin qızı – Emiliyanın ətrafında cərəyan edir: “İndi əsas məsələ Emiliyadır. Suyumuz da odur, odumuz da…”
“Köynəyi cırıq da gəzə bilər, amma səfər planını təxirə salmaz”
Emil Nigarın “əlinin duzu” olmasından danışmağa başlayanda, həyat yoldaşının “məndən heç olmasa yaxşı nəsə danış” replikasını eşidib cavabın trayektoriyasını dəyişir: “Özünüz də görürsünüz ki, bu suala təzyiq altında cavab verirəm (gülür). Amma yeməkləri, zarafatsız, çox yaxşıdır. Mənsə heç qayğanaq da bişirə bilmirəm”.
Pul məsələsinə gələndə, Nigar Emilin daha xəsis olduğunu fikirləşir: “Onun pul xərclədiyi iki şey var: yemək və səyahət. Ayaqqabısı, köynəyi cırıq da gəzə bilər, amma səfər planını təxirə salmaz”.
Emil etiraf edir ki, öz geyiminə pul xərcləməyi sevmir: “Keçən dəfə anam gəlib şalvarlarımı qayçılayıb atdı ki, təzəsini alım. Burdan Tiflisə 3 gün gedib gəzməyimizə pul tapıram, amma özümə ayaqqabı almağa yox”.
Ailənin balaca “media kapitanı”
“İki jurnalistin böyütdüyü övlad necə olmalıdır” sualıma onların birgə cavabı belədir: “Uşağın tərbiyəsi ilə hər ikimiz məşğuluq. Uşağı elə böyütmək lazımdır ki, özünə qapanmasın. Uşaq nə soruşursa, hökmən cavab veririk. Emiliya həmişə özünü bu evdə ən vacib adam hesab edir. Üstəgəl, elə bir mühitdə böyüyür ki, ətrafında uşaqlar çoxdur, deyib-gülən, mehriban bir kollektiv var. Ona görə hansısa toya gedəndə, şadlıq evinə tamada kimi girib əl-qol açıb oynamağa başlayır…”
“İstərdinizmi, Emiliya da peşənizi davam etdirsin” sualına Nigar cavab verir ki, qızını həkim görür: “Amma seçim onun özünün olacaq. İndiki vaxtda mətbuatda olmaq böyük perspektiv vəd eləmir”.
Emil isə deyir ki, işıqlı yazı adamı olmaq istedad tələb edir: “Emiliya istedadlı olacaqsa, yolunu kəsə bilmərik. Onsuz da indidən qələm, vərəq götürüb cızma-qara edir. Deyəsən, yeni media kapitanı gəlir…”
Aygün Asimqızı
kaspi.az