Evində internet olmayanlar necə dərs oxuyacaqlar?

Evində internet olmayanlar necə dərs oxuyacaqlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündən sonra universitetlər COP29 ilə əlaqədar olaraq distant təhsilə keçəcəklər. Distantın vacib elementlərdən biri keyfiyyətli internetdir. Şübhəsiz ki, regionlardan, kəndlərdən də distanta qoşulan tələbələr olacaq.
RİNN ölkədə keyfiyyətli internet infrastrukturu qurmaq üçün son 2-3 ildə bir xeyli işlər görüb. Amma provayderlər 15 avqust tarixdən minimal internet tariflərini 40% qaldırdığından regionlarda internetdən imtina edənlər və “şərikli internetə” keçənlər də oldu. Antiinhisar isə “Aztelekom” təbii inhisar subyektinə qarşı əsassız tarif artımı və “kartel sövdələşməsi” ittihamı üzrə iş qaldırsa da, az qala 3 ay olur ki, bunu başa çatdıra bilməyib. Beləliklə, hazırda narahatçılıq doğuran məsələ internetdən imtina edənlərin distant təhsil prosesinə necə qoşulacağı ilə bağlıdır.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib. O bildirib ki, bu problemi kimin həll edəcəyi, tələbələrə güzəştlərin verilib-verilməyəcəyi bilinmir:

“Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsil Fondu “Aztelekom” və digər provayderlərlə birlikdə tələbələrə güzəştlər üçün müəyyən addımlar atmalıdır. Yenə də hökumət distant təhsil Qaydalarını təsdiqləmədən məsuliyyəti atlb ETN-nin üzərinə.
15 ildir ki, Təhsil haqqında qanunda distant təhsil forması nəzərdə tutulsa da, indiyədək bunu reallaşdırmaq mümkün olmayıb. Reallaşdırmaq deyəndə, hökumət özünə lazım olanda distanta keçir, özünün təşkil etdiyi distantla öz universitetlərimizin diplomlarını tanıyır.
Amma nə universitetlərimizə imkan vermir ki, distant forma üzrə tələbə qəbulu keçirsin, nə də həmin distant formada, xaricdə, Massaçusetdə, yaxud Harvardda təhsil alanın diplomlarını tanısın. COP29 ərəfəsində hökumət “öz distantına” keçməyi üstün tutdu, amma ümumi Qaydaları təsdiqləmədi. Məəttəl qalıram hökumətin bu addımına.
Ümumiyyətlə, məhz bununla bağlı hökumətin 15 ildə tutduğu mövqe ağlasığmazdır və heç bir ağlabatan izahı yoxdur.

Düşünürəm ki, universitet rəhbərlərinin, Rektorlar Şurasının bununla bağlı məhkəməyə müraciət etməkdən başqa yolları qalmayıb”.

Nigar