Evimizdəki əcəl: “Kənara çıxan qaz və kombi boruları küləyə qarşı olarsa, hər an boğulma baş verə bilər”backend

Evimizdəki əcəl: “Kənara çıxan qaz və kombi boruları küləyə qarşı olarsa, hər an boğulma baş verə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qışda dəm qazından boğulma halları artır. Bu gün də iki gənc dəm qazının qurbanı olub. ADA Universitetinin tələbəsi 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov ötən gecə yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.  Sərxanın qardaşı 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. Hazırda hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, qanunvericiliyə əsasən qaz təchizatçısı yalnız sayğaca qədər məsuliyyət daşıyır. Sayğacdan sonrakı məsələlərdən istehlakçı özü cavabdehdir:

“Əhali bilməlidir ki, qaz nə qədər əhəmiyyətli bir şey olsa da evlərə girmiş əcəldir. İnsanlarda qazdan düzgün istifadə etmək bacarığı olmalıdır. Dəm qazından boğulma halları adətən qazın olmadığı rayonlardan gəlib şəhərdə kirayə yaşayan insanların başına gəlir, partlayışlar, ölüm halları baş verir. Xüsusən rayon yerlərində, həyət evlərində insanlar evlərini qazlaşdırmaq üçün mütəxəssis olmayan kənar şəxslərə müraciət edirlər. Belə olan halda da standartlar gözlənilmir, xüsusiləşdirilmiş və adı hamıya bəlli olan briqadalar və ya icazə alınmış qurumlar yoxdur ki, vətəndaşlar onların xidmətindən istifadə etsin”.

Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, xüsusən hamamlarda və evi qızdırmaq üçün qazı açıq qoyanda boğulmalar baş verir:

“Əhali bilməlidir ki, küləkli havalarda xüsusilə diqqətli davranmaq lazımdır. Kənara çıxan qaz və kombi boruları küləyə qarşı olarsa, hər an boğulma baş verə bilər. Bəzən qaz peçlərinin yararsız olduğunu deyirlər. Qeyd edim ki, İrandan gələn qaz peçləri istehsal olunduğu ölkədə standartlara uyğundur, lakin Azərbaycan qazının təzyiqi ilə düzgün gəlmir. Usta çağırıb onun dəliyini genişləndirirlər, standartı pozurlar və bədbəxt hadisələr baş verir. Qazı heç vaxt açıq qoyub yatmaq, evdən getmək olmaz. Yanan qazdan, plitələrdən evi isitmək üçün istifadə etmək düzgün deyil. Hava keçməsi üçün hamamlarda mütləq deşiklər olmalıdır, çölə çıxışı olmayan yerdə qazdan istifadə etmək düzgün deyil.

Azad İstehlakçılar Birliyi öz hesabına 500-ə qədər xüsusi kitabça hazırladı, bacardığımız qədər ailələrə payladıq təmənnasız. Təəssüf ki, bu kitabçanın çapına və yayılmasına heç bir qurum dəstək vermədi. Müsbət haldır ki, qaz işçiləri bu ildən evlərdə monitorinq aparırlar. Düşünürəm ki, bunun faydası olacaq”.