Jurnalistlər – Əvəz Zeynallı və Elnur Şükürovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Tribunainfo.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 18-nə təyin edilib.
Şikayətə hakim Teyyub Muxtarovun sədrliyi ilə baxılacaq.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum ediliblər. Əvəz Zeynallının evində axtarış zamanı götürülmüş 16 min manat dövlət nəfinə müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Qeyd: Ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Əvəz Zeynallı Rasim Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Elnur Şükürov da Əvəz Zeynallı ilə birgə mühakimə edilib. O da rüşvət almaqda və dələduzluqda təqsirləndirilir.