Everesti fəth edən ilk azərbaycanlı qadına həsr olunmuş filmin təqdimatı keçirilib – FOTO

Everesti fəth edən ilk azərbaycanlı qadına həsr olunmuş filmin təqdimatı keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ardınca” filminin təqdimat mərasimi keçirilib.

Tribunainfo.az Gənclər və İdman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilib.

Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, idman veteranları və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, “Arzunun ardınca” filmi təkcə bir qadın alpinistin uğurunu deyil, həm də Azərbaycan qadınının iradəsini və gücünü bir daha göstərir. Həmçinin filmin gənc nəsli, xüsusən də gənc idmançıları qələbəyə ruhlandırdığı qeyd edilib.

Elmira Aslanova dəstəyə görə qardaşı Eldara təşəkkür edib: “Mən çox ölkələrdə olmuşam, lakin Azərbaycan ailələrində olan isti münasibət heç yerdə yoxdur. Düzdür, atam bu sahədə olduğuma görə narahat olur. Ancaq mənə olan dəstəyini əsirgəmir, yanımda olur. Filmin rejissoru Arzu Urşana minnətdaram”.

“Arzunun ardınca” filmi təkcə bir qadın alpinistin uğuru deyil, həm də Azərbaycanda qadınların ekstremal idman növlərində qazandığı nailiyyətlərin bariz nümunəsidir. Eyni zamanda, bu ekran işi insan iradəsinin və məqsədyönlülüyünün gücünü bir daha göstərir.

Qeyd edək ki, avqustun 8-i həm də dünyada Alpinizm Günü kimi qeyd olunur.

Film maraqla izlənilib və alqışlarla qarşılanıb. Sonda tədbir iştirakçıları uğurlu ekran əsərinə görə filmin rejissoru, senari müəllifi Arzu Urşan və qəhrəmanı Elmira Aslanovanı təbrik ediblər.