EVDƏN QAÇAN GƏLİNLƏR… 18+

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

…O vaxt rəhmətlik Cahandar ağa çay qırağında Mələyə necə vurulmuşdusa, ərli olub-olmadığını öyrənmədən atın tərkinə vurub qaçırtmışdı, yalnız evə aparandan sonra bilmişdi ki, subay qız bilib qaçırtdığı Allahyarın arvadıymış.  

…O vaxt rəhmətlik Cahandar ağa çay qırağında Mələyə necə vurulmuşdusa, ərli olub-olmadığını öyrənmədən atın tərkinə vurub qaçırtmışdı, yalnız evə aparandan sonra bilmişdi ki, subay qız bilib qaçırtdığı Allahyarın arvadıymış. 

Amma artıq gec idi. Elə onda da Mələk bais olmuşdu bu qanlı sonluğa. Getmək istəməmişdi öz ərinin yanına.Və bu namus məsələsi də Cahandarın sonunu gətirmişdi… Nə isə, “Dəli Kür” filmini hamı əzbər bilir onsuz da, kiməsə xatırlatmağa ehtiyac yoxdur . Mənim deyəcəyim də heç bu deyil.
Axır vaxtlar qəribə bir soyuqqanlılıq yaranıb millətdə. Ən ağır faciələrə də laqeyd  müşahidəçi qismindən baxır, müdaxilə ehtiyacı yarananda kənara çəkilir, heç kimin dərdinə yanmır, əyri olanı düzəltməyə, səhv olanı doğrulamağa heç cəhd də göstərmir. Elə bil hərənin düşüncəsi öz evinin içi qədər olub son vaxtlar. Elə ona görədir ki, çörəkpulu dalınca evdən çıxan kişi qayıdanda arvadını başqasına qoşulub qaçan görür.
Bu mövzu ətrafında istər televiziyalarda, internet portallarında, istərsə də sosial şəbəkələrdə kifayət qədər müzakirələr aparılıb. Hərə öz ağlına görə qiymət verib: Qınayıb, ya da haqq qazandırıb. Hətta bu yanaşmaların özü də elə baş verənlər qədər dəhşətlidir. Mənim mövzuya təkrar qayıtmağıma səbəb isə son 3 gün ərzində iki ayrı-ayrı yerdə baş verən faciə oldu. Şəmkirdə gənc qadının 2 körpəsi ilə özünü qatarın altına atıb məhv eləməsi və Sumqayıtda həkimə getmək adı ilə evdən çıxıb sonra şalvarını düzəltdirmək adı ilə gecikdiyini deyən qadının Ankaraya Allah bilir hansı kişinin yanına getməsi. Birinci hadisə faciədən də artıq bir şeydir. Doğrudur, bizdə nə yazıq ki, artıq intiharlara da adi bir hadisəymiş kimi baxırlar, indi işdən çıxan, sevgilisi atan, anası danlayan, atası pul verməyən, arvadı başqasıyla mesajlaşan, banka borcu olan hər kəs öz canından bezir. Amma insan hələm-hələm balasına, üstəlik südəmər körpəsinə qıya bilməz axı. Hələ bu addımı atan bu körpəni dünyaya gətirən anadırsa, heç qıymaz. Qıya bilməz. Şəmkirdə o yazıq qadının özünü öldürməsi barədə çox şeylər danışacaqlar, istintaq da araşdırıb nəsə səbəb tapacaq, kiməsə cəza da verəcək, burası məlumdur, Amma mənim dərk elədiyim həqiqətim odur ki, insanı hansı həddə çatdırmaq lazımdır ki, götürüb iki körpəsini qatar relsinə bağlasın…
İkinci anadan danışaq. Burda əslində ana sözünü dırnaq arasına salmaq lazımdır. Düzdür, onsuz da azı Allahın hər günü kiminsə arvadı kiməsə qoşulub qaçır, amma hər nəslindəki kişilərin papağını yerə soxan, papaq indi dəb deyil deyə, qoy başını aşağı eləyən deyim, qadının ərinin də işi deyil ki, bu boyda həngamədən sonra, “qayıtsın gəlsin uşaqlarının yanına, ailəmdir, qəbul edirəm”,- desin. Telefondanmı, internetdənmi-Allah bilir hansı avaraxanadan tapıb iki kəlmə “ürəyim, canım, nəfəsim, ruhum” sözünə uyan, öz evindən oğru kimi xəlvətcə pasport oğurlayıb təzə kişinin yanına qaçan  bədbəxtin gələcək taleyi şəxsən mənim heç vecimə də deyil. Cəhənnəmə-gora getsin. Aydın məsələdir ki, belələrinin aqibəti necə olur. Əgər sağ qalsa, o oğurlayıb apardığı pasportunu da əlindən alıb salacaqlar seriallardakı kimi villalarında yaşayacağını xəyal edib getdiyi Türkiyənin küçələrinə… Cəksin cəzasını. Mənə dəhşətli gələn o qadınlıqdan, analıqdan bixəbər məxluqun 3 övladından ən böyüyünün, artıq yetkinlik yaşında olan qızının necə yana-yana ağlaması idi. Mənə görə, o biçarə anasızlığına ağlamırdı heç.  Həyatının puç olunmasına, gələcəyinin üstündən qara xətt çəkilməsinə və bu pisliyi ona bir başqasının yox, elə onu dünyaya gətirən dişi canavarın eləməsinə yanırdı, məncə.
Yaxşı bu millətə nə oldu ki birdən birə? Bəs hanı o məclislərdə-elçilik, nişan mərasimlərində adını MENTALİTET qoyduğunuz dəyərlər, hanı başqa millətlərin az qala gözünə soxduğumuz NAMUS, hanı digər dinlərdən olanlara yuxarıdan aşağı baxmaq haqqını vurğuladığımız MÜSƏLMAN TƏRBİYƏSİ?  Mən deyirəm ki, heç yoxuymuş da. Bəli. Deyirəm. Mən belə deyirəm və məni bu fikirdən daşındırmaq həvəsində olan varsa, buyursun. Müqayisə eləsin, görək ingilis, fransız, alman, hindu, ağ, qara, afrikalı, avropalı, lap elə erməni…bu millətlərdən hansında son 1 ildə yüzlərlə gəlin başqa ər həvəsinə düşüb ailəsini, balalarını atıb qoşulub gedib? Heç tanımadığı, nəslini-kökünü, soyunu, halını-xasiyyətini, yalanını-düzünü, oğrusunu-canisini bilmədən gözüyumulu kiməsə güvənmək başqa millətlərin qızında-qadınında da olur, görəsən?..
Evinin yanında işləyən fəhləyə, whatsappda özünü şirkət rəhbəri kimi təqdim edən avaraya, facebookda xarizmatik bir kişi fotosunu profil edib yüngülbeyinlərin “ovuna çıxan” kvazimodalara görə balalarını atıb xaincəsinə qaçan dişi canavarlar başqa millətlərdə də bu qədərdir? Xeyr! İngilis də, fransız da, alman da, nə bilim,  o biriləri də ən azından özlərinə hörmət edər, həyatına bir başqası daxil olanda bunu da mərd-mərdanə açıqlayıb hörmətlə ayrılarlar. İngilis, fransız, alman, nə bilim, o biri kişilər də vurulduqları, bir yerdə yaşamaq istədikləri qadına yalançı vədlər verib, “get balalarını tulla, gəl” də deməzlər. Bizim 1 dəfə ərə gedib 1 ailə ilə kifayətlənməyən gəlinlərdən fərqli olaraq. Lap elə desinlər. Onlar ki, müsəlman deyillər. Onlar azərbaycanlı da deyillər. Biz namusu hər şeydən üstün tutan, qız uşaqlarını hüquqları pozulurcasına sıxışdıran, daim məhdudiyyətlər qoyan və qızlarımızı ər evinəcən bir gün də nəzarətsiz qoymayan millətik. Tərbiyə edib dəf-dumbulla ərə verdiyimiz qızlar da…göz qabağında. Razılaşsaz da, razılaşmasaz da deyəcəm:  bəkarətli qız hələ sədaqətli qız demək deyil. Və nəhayət, “bu gəlinlər niyə başqalarına qoşulub qaçır” sualına cavab axtaranda, ona diqqət edək ki, körpələrini qatarın altına atıb onlarla birgə intihar edənini də, bir həftə sonra toyu olacaq nişanlısını millət içində rüsvay edib sevgilisinin yanına qaçannıı da, 2 uşaqlı bacısının əri ilə yatağa girib buna sevgi donu geyindirməyə çalışanını da, doğma dayısı ilə eşq macərası yaşayıb intim münasibət quranını da, kürəkəni ilə sevişənini də, yaxud qardaşının arvadına tamah salan qeyrətsizini də, evdə doğma qızını zorlayan şərəfsizini də…hamısını bu cəmiyyətə biz buraxmışıq. Tərbiyələrini də biz vermişik. Daha doğrusu, verməmişik. Ya da o tərbiyə deyib verdiyimiz nəsə başqa bir şeymiş… Doğrudan da…bu bizik… Mən daha kəskin deyərdim: BİZ elə BUYUQ!!!

Kəmalə CAHİDQIZI