backend

Ev alanlar üçün çoxdan gözlənilən yenilik – Fırıldaqçıların “kitabı bağlandı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib
 

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib. Bundan sonra yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər. Eyni zamanda, vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər.

TİA.AZ bildirir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda keçirilən İctimai təqdimatda deyib.

O bildirib ki, yenilik etməkdə məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində istifadəyə verilən bu yeni xidmətlərin vətəndaşlara verdiyi fayda, istifadə qaydaları və müsbət nəticələri barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Hikmət Mustafayev bildirib ki, bu xidmətlər “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətləridir. 

“Bu xidmətlər artıq Elektron Hökümət portalına inteqrasiya olunub. “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmətinin köməyi ilə istənilən şəxs, onu maraqlandıran yeni tikilidəki mənzillərə mülkiyyət hüququnu təsdiqləyən çıxarış veriləcəyini əvvəlcədən öyrənəcək. Yeni xidmətdən istifadə etmək üçün komitənin emdk.gov.az rəsmi internet səhifəsində “Elektron xidmətlər” bölməsinə daxil olaraq adı çəkilən xidməti seçmək lazımdır. İstifadəçi, ölkə üzrə onu maraqlandıran şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin (MTK-nın) adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub olmadığı haqda məlumatı elektron qaydada onlayn rejimdə əldə edə bilər. Tam avtomatlaşdırılmış xidmət nəticəsində tələb olunan məlumat dərhal təqdim edilir”.

H.Mustafayev qeyd edib ki, xidmət vasitəsilə vətəndaş mənzil almamışdan qabaq sahib olacağı mənzilə çıxarışın verilməsi üçün ilkin hüquq müəyyəedici sənədlərin qaydasında olub olmamasını elektron şəkildə, əvvəlcədən real vaxt rejimində öyrənə biləcək. 

“Bu isə gələcəkdə istər paytaxtda, istərsə də regionlardakı vətəndaşların mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, onların etibarlı və leqal əmlak sahibi olmasına köməklik edir. Vətəndaşlarda etibarlı, çıxarışla təmin olunumuş mənzil və ev alqı-satqısında geniş seçim imkanı yaradır. Eyni zamanda xidmət bazarda mövcud olan leqal əmlaklara sahib olan vətəndaşların sayının artmasına, bu sahədə mövcud risklərin minumuma endirilməsinə, daşınmaz əmlak sahibləri arasında yarana biləcək problemlərin aradan qaldırılmasına şərait yaradır. Habelə mənzil alarkən müvafiq qurumlara əlavə müraciətlərin qarşısını alır, vətəndaş-məmur münasibətlərini minumuma endirir, bu sahədə çevikliyi artırır. Həmçinin bununla mənzillər üzərində ipoteka, girov, alqı-satqı kimi iqtisadi əməliyyatların yerinə yetirilməsi daha da sadələşir”. 

Xidmət rəisi qeyd edib ki, yeni istifdəyə verilən digər elektron xidmət – “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” də öz əhəmiyyətinə görə, mənzil sahibləri və alıcıları üçün mühüm əhəmiyyət daşıyır. “Bu xidmətin köməyi ilə ev sahibi və ya alıcı əldə emək istədikləri ərazidə evlərin təqribi bazar qiymətini elektron qaydada real vaxt rejimində öyrənə biləcəklər. Nəticədə bu sahədə yarana biləcək çətinliklər aradan qaldırılır, qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minumuma enir. Eyni zamanda onlar maliyyə resurslarını əvvəlcədən planlaşdırmaqla vəsaitlərinə rahatlıqla özləri qərar verə bilir. Xidmətdən istifadə etmək üçün komitənin emdk.gov.az rəsmi internet səhifəsində “Elektron xidmətlər” bölməsinə daxil olaraq adı çəkilən xidməti seçmək lazımdır”.

Sonda Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda təqdimat keçirilib. Təqdimatda bu yeni xidmətlərin üstünlükləri, vətəndaşlara verdiyi fayda, istifadə qaydaları və müsbət nəticələri barədə danışılıb. Bildirilib ki, vətəndaşlar mənzil alarkən mənzillərin gələcəkdə sənədləşmə vəziyyəti, habelə, alqı-satqı əməliyyatlarında mənzillərin bazar qiymətləri haqqında real və etibarlı məlumatlara ehtiyyac hiss edirlər. Bu xidmətlərin yaranması da məhz bu zərurətdən irəli gəlir. Qeyd olunub ki, xidmətlərin “Elektron Hökümət” portalına inteqrasiyası vətəndaşların işini sadələşdirməklə yanaşı, proseslərə daha çevik reaksiya verilməsinə şərait yaradır. Bu xidmətlərdən əmlak sahibi olmağa qərar vermiş vətəndaşlar, tikinti və rieltor şirkətləri, hüquqşünaslar, bank nümayəndələri, qiymətləndirmə şirkətləri istifadə edə bilərlər. 

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin istifadəyə verdiyi elektron xidmətlər ölkə vətəndaşları üçün heç bir ünvana müraciət etmədən, operativ qaydada internet resursları və mobil telefonlar vasitəsilə sahib olduqları əmlaklar barədə lazım olan əməliyyatı həyata keçirmək imkanlarını yaradır. Bu xidmətlər komitənin fəaliyyət sahələri üzrə şəffaflığın artırılmasını, daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların daha rahat və operativ qaydada reallaşmasını təmin edir.