İranda spontan xarakterli etirazlar Tehran teokratik rejiminin siyasətində tektonik effekt verdi. Bu etirazlar İran üçün nə ilə nəticələnə bilər? TİA.AZ mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadənin şərhini təqdim edir: “Bu etirazlar rejimin müəyyən islahatlar aparmasına gətirib çıxaracaq. Prezident Həsən Ruhaninin islahatlar anonsu bunu deməyə əsas verir. Elan edilən islahatlar anonsuna rəğmən ölkənin ayrı-ayrı regionlarında etiraz aksiyaları öz aktuallığını saxlayacaq. Bu etirazların kökündə iqtisadi-sosial faktorlar və rejim daxilində mühafizəkar-islahtçılar qarşıdurması dursa da, əsas məqsəd İranda rejimi laxlatmaqdan ibarətdir və bu, gələcək perspektində rejimin dəyişilməsinə hesablanıb.
Qeyd edim ki, İran Yaxın Şərqdə fəal və təsir edici regional münaqişədə əsas tərəfdir və regionun şəkilləndirilməsində bilavasitə iştirak edir. Regional münaqişədə Hizbullah, Husilər və Haşdi-Şəbi kimi güclü silahlı qruplara dolayı yolla malikdir. Bu silahlı təşkilatlar vasitəsi ilə Suriya, İraq və Yəməndə İranın hərbi iştirakı danılmaz faktdır. Obama administrasiyasının dəstəyi ilə iqtisadi sanksiyalardan azad olan İran Yaxın Şərqdə öz “5-ci” kolonuna kifayət qədər maliyyə və hərbi-lojistik dəstəyi verməkdə davam edir. Məhz İranın əsas maliyyəsi bu silahlı qrupların güclənməsinə sərf edilir. Bununla da İranın iqtisadi-sosial sahəyə kifayət qədər maliyyə ayrımaması ciddi narazılığa zəmin yaratdı.
ABŞ-ın İrana qarşı, yenidən iqtisadi sanksiyaları tətbiq etməsi, İranın yuxarıda qeyd etdiyim silahlı qruplara dəstəyinin zəifləməsinə hesanlanıb. ABŞ və İsrail İranı ram etmək və Yaxın Şərqdə mövqelərini zəiflətmək istiqamətində fəaliyyətlərini davam etdirəcəklər. İranda yaşanan aksiyalara fikir versək, bu aksiyalar, əsasən farsların yaşadığı ərazilərdə baş verir. Qeyd edim ki, İranda iqtisadi inkişaf əsasən fars əyalatlərindədir. Azərbaycan türklərinin yaşadığı regionlar isə iqtisadi cəhətdən kifayət qədər zəif regionlardır. Bu etirazlar iqtisadi cəhətdən zəif regionlarda baş verməli idi. Amma bu etirazlarda iqtisadi inkişaf cəhətdən zəif olan türklər deyil, inkişaf edən farslar əsas rol oynayır. Xüsusi olaraq qeyd edim ki, ABŞ və Qərb ölkələri İranda hakim rejimi Azərbaycan türklərinin əli ilə dəyişmək istəmirlər. Çünki bu etirazlar Cənubi Azərbaycanda milli azadlıq hərəkatına səbəb ola bilər.
Bu milli azadlıq hərəkatı fonunda baş verənlərə Azərbaycan da səssiz qalmayacaq. Baş verən proseslər müəyyən zamanla böyük bir türk xalqın birləşməsinə gətirə bilər. Azərbaycanın birləşməsi nəticəsində böyük bir dövlətin yaradılmasına ABŞ qəti imkan verməz. Ona görə də İranda bu aksiyalara ABŞ-ın birmənalı şəkildə dəstək verməsi və rejimin dəyişilməsi planında əsasən farslar yer alıb. Baxmayaraq ki, İranın Ali dini lideri Əli Xamneyi etnik cəhətdən azərbaycan türkdür. Qeyd edək ki, İran inqilabının əsas fiqurlarından olan Ali dini lider Əli Xamneyi İranın Məşhəd şəhərində dünyaya gəlib. Əsasən fars millətçiliyi və dini- məzhəb ruhunda təhsil alıb. Onun siyasi xadim kimi İranda azərbaycan türklərinə hazırda heç bir aidiyyati yoxdur. Demək olar ki, İranda bu aksiyalar başlanğıcdır və kifayət qədər ciddi problemlərdən xəbər verir. Sonda qeyd edim ki, İranın hazırkı dini-ideoloji rejimi Azərbaycan dövlətçiliyi üçün təhlükəlidir”.
Vəsilə İbrahim
TİA.AZ