Etibarlı tərəfdaşlıq

Etibarlı tərəfdaşlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi ilə yadda qaldı.

Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini – neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.

Müstəqilliyin ilk illəri böyük bir enerji böhranı ilə müşayiət olundu. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. O dövrlər  elektrik enerjisi və təbii qaz qıtlığı var idi.

1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri ölkənin enerji sektoru ilə yanaşı iqtisadiyyatını da dirçəltdi.

Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.

Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.

Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır.  Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi.

Prezident İlham Əliyevin cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdi ki, qaz təchizatımızın coğrafiyası artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər.

Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. Payızda Bakı çox məsuliyyətli və qlobal tədbirə evsahibliyi edəcək. COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaq. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.

Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil. Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik.

İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.

Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.

Məşhur Məmmədov

Milli Məclisin deputatı