Məşhur Məmmədov,
Millət vəkili
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri birgə fəaliyyətinin ən mühüm amilidir.
Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Nəqliyyat sektoru əməkdaşlığımızın mərkəzindədir. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir. Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə – Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.
Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır.
Strateji tərəfdaşlıq Bəyannaməsi buna sübutdur. Strateji Tərəfdaşlıq Bəyannaməsində qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.
Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ölkələrimiz arasında ümumilikdə 14 sənəd imzalanıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”,“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” etibarlı əlaqələrə əsaslanıb.
İmzalanmış sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.