Tribunainfo.az xəbər verir ki, tanınmış təhsil eksperti Etibar Əliyev, Azərbaycan universitetlərinin proqramlaşdırma sahəsində beynəlxalq nəticələrini tənqid edib. Onun sözlərinə görə, Bakı Ali Neft Məktəbi (BANM) bu il keçirilən ICPC 2025 beynəlxalq proqramlaşdırma yarışında 70-dən çox ölkənin 139 komandası arasında yalnız 127-ci yeri tuta bilib.
“ICPC dünyanın ən nüfuzlu və ən rəqabətli müsabiqəsidir, həm də böyük texnoloji şirkətlərin diqqət mərkəzindədir. Belə çıxır ki, BANM-da proqramlaşdırma və kodlaşdırma elmi lazımi səviyyədə tədris olunmur. Bəs 680 baldan yuxarı nəticə göstərənlər, həmçinin Respublika olimpiadalarının qalibləri haradadır?”, – deyə Etibar Əliyev bildirib.
Ekspert həmçinin qeyd edib ki, ADA Universiteti yarışmada 101-ci yerdə qərarlaşıb. Onun fikrincə, bu nəticə də qənaətbəxş hesab edilə bilməz:
“ADA kimi nəhəng bir universitetdə bu sahəyə rəhbərlik edən Fuad Hacıyevin proqramlaşdırma ilə heç bir əlaqəsi yoxdur”.
Etibar Əliyev Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də bu istiqamətdə fəaliyyət göstərmədiyini vurğulayaraq, vəziyyəti “tam fəaliyyətsizlik” kimi qiymətləndirib. O, ironiya ilə əlavə edib:
“Bu iki universiteti 1 dəqiqəlik sükutla yad edirəm”.
Dəniz Pənahova