Azərbaycanın ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ilə məlumat açıqlanıb.
Dövlət Statistka Komitəsinin məlumatına görə, bitki məhsulları üzrə ən yüksək özünütəminetmə qoz-fındıq (139 faiz), meyvə və giləmeyvə (135,5 faiz), nar (132,8 faiz ), pomidor (118 faiz üzrə olub. Ən aşağı göstərici buğda (60,4 faiz) və paxlalı bitkilər (62,8 faiz) üzrə qeydə alınıb. Heyvandarlıq məhsullarına gəlincə, yalnız yumurta üzrə ötzümüzü tam təmin edə bilirik- 102,2 faiz. Ət və ət məhsulları üzrə təminat 85,3 faiz, süd və süd məhsullarında 84 faiz, balıq və balıq məhsullarında 75,4 faizdir. Son 5 ildə ət məhsulları üzrə təminat 3 faiz yüksəlsə də, balıq məhsullarında 8 faizə qədər eniş qeydə alınıb.
Maraqlıdır, bu statistika nə dərəcədə reallığa əsaslanır, niyə Azərbaycan bir sıra məhsullarla özünü təmin edə bilmir?
İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, əslində Dövlət Statistika Komitəsinin məlumatına şübhə ilə yanaşır:
“Ölkədə kartof, soğan, giləmeyvə, pomidor, bostan, tərəvəz bitkiləri ilə bağlı məhsullar yerli tələbatı ödəyir. Ancaq mən inanmıram ki, Azərbaycanda yerli ət istehsalı tələbatın 80 faizini ödəsin. Bu, 50 faizdən yuxarı deyil. Əgər 80 faiz yerli istehsal hesabına tələbatı ödəyiriksə, ətin qiyməti gündən-günə niyə artır? Yay aylarında belə, ətin qiyməti qalxır.
Kərə yağının maya dəyəri lap 10 manat olsun. İndi 20 manata təmiz kərə yağı tapmaq olmur. Azərbaycan vətəndaşı kərə yağını maya dəyərindən iki dəfə baha, 20-22 manata alır. Kərə yağı adı ilə satılan ucuz kərə yağlarının da tərkibi təmiz deyil”.
O bildirib ki, ümumiyyətlə, heyvandarlıq məhsulları Azərbaycanın ən yaralı yerlərindən biridir:
“Məsələn, ət və heyvan yağını göstərək. Bu məhsullar üzrə biz yerli tələbatın ən yaxşı halda yarısını ödəyə bilirik. İnanmıram ki, bu il ətə olan tələbatın 50 faizini ödəyə bilək. Bu 40 faizdən aşağıdır. Çünki Gürcüstandan iki ay diri heyvan idxalına məhdudiyyət qoyuldu. Dərhal bizdə qoyun ətinin qiyməti qalxdı.
Hesab edirəm ki, DSK əvvəlki mövqeyindədir və məlumatları yerli icra hakimiyyətlərinin, komitənin özünün sifarişinə əsasən yazır. Təhlil də göstərir ki, rəqəmlər reallığı əks etdirmir. Əgər əti 80 faiz yerli tələbat hesabına ödəyiriksə, ətin qiyməti niyə bahalaşır? Ümumilikdə 80 faiz tələbatı ödəmək çox normaldır. Onda ölkədə ət ajiotajı olmaz. Yaxın günlərdə havalar soyuyan kimi ətin qiyməti yenidən bahalaşacaq”.
O bildirib ki, heç bir ölkədə tələbat açıq qalmır:
“Dərhal idxal onu kompensasiya edir. İndi dünya iqtisadiyyatı bazar iqtisadiyyatı üzərində qurulmuş bir sistemdir. Sərhədlər daxilində onu tətbiq eləmirlər, ancaq bütün dünyada bazar iqtisadiyyatı modeli qurulub. Bu, birləşmiş qablarda suyun səviyyəsi kimidir, harda azlıq var, oraya axın gedir. Yerli tələbatı ödəmək dedikdə, DSK yerli istehsalı nəzərdə tutur”.