2024-cü ildə dünya bazarında mal ətinin 1 kiloqramının orta qiyməti 6,2 dollar (10.5 manat) olub. Qoyun əti 9.6 dollar (16.3 manat), quş əti isə 3.9 dollara (6.63 manat) təklif olunub.
“AzPolitika” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində bildirilib. Məlumat ABŞ-nin Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.
İndi Azərbaycanda ətin mövcud qiymətinə baxaq və bu rəqəmləri orta dünya qiymətləri ilə müqayisə edək:
Mal əti -16-17 manat (9.4, 10 dollar)
Qoyun əti – 21- 22 manat (12.3, 13 dollar)
Quş əti – 6.8-8 manat (4, 4.7 dollar).
Beləliklə:
Mal əti dünya qiymətlərindən 3-3.4 dollar;
Qoyun əti 2.8-3,4 dollar;
Quş əti isə 0,8 dollar bahadır.
Azərbaycanda minimum əməkhaqqı 400 manat (235 dollar), orta aylıq maaş 996 manatdır (585 dollar).
Qeyd edək ki, Azərbaycan ətə olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına təmin edir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 116 milyon 989 min dollar həcmində 53 min 337 ton ət idxal edilib. Ət idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 milyon 433 min dollar və ya 48,9% artıb, miqdar ifadəsində isə 15 min 50 ton, başqa sözlə, 39,3% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 78 milyon 555 min dollar dəyərində 38 min 287 ton ət idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən ətin 1 kiloqramının orta dəyəri 3 manat 72 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 49 qəpik idi. Bu da illik müqayisədə 23 qəpik və ya 6,59% artım deməkdir. Ötən il ümumi idxalın 0,62%-i ətin payına düşüb.
Gömrük Komitəsinin məlumatından daha bir paradoksal məlumat üzə çıxır. Qeyd olunur ki, ölkəyə gətirilən ətin orta dəyəri 3 manat 72 qəpik olub. Bu, 2023-cü ilin idxal qiymətindən 23 qəpik azdır, yəni ucuzlaşma baş verib. O zaman Azərbaycanda ətin qiyməti hansı səbəbdən göstərilən rəqəmlərdən 5-6 dəfə yüksəkdir? Xaricdən idxal edilən ət ucuzlaşıbsa, nəyə görə, Azərbaycanda bir il ərzində mal və qoyun ətinin qiymətində 3-4 manat artım olub?
Təəssüf ki, Kənd Təsərrfatı Nazirliyi dünyada ərzaq qiymətlərinin müqayisəli təhlilini aparıb ictimaiyyətə təqdim etsə də, Azərbaycan bazarındakı qiymət bahalığının səbəblərinə toxunmayıb.
İqtisadçı ekspert Vahid Məhərrəmli Statistika Komitəsinin məlumatındakı fərqliliklərə diqqət çəkib.
“Bu məlumatlara əsasən ötən ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə ət istehsalı diri çəkidə 4 min 900 ton, ət idxalı isə təmiz çəkidə 5 min tondan çox artıb. Belə olan halda sual yaranır: necə olur ki, təklif bu qədər artdığı halda, ölkədə ət və ət məhsulları son bir il ərzində davamlı olaraq bahalaşır? Əhalinin alıcılıq qabiliyyəti aşağı olan bir ölkədə bu necə baş verə bilər”, – iqtisadçı sual edir.
Ət sitehsalının azalmasının səbəblərinə gəlincə, Vahid Məhərrəmov düşünür ki, örüş sahələrinin əkinə verilməsi, istiləşmə nəticəsində bir sıra örüşlərin ot örtüyündən məhrum olması və ölkədə ot istehsalının azalması heyvandarlığa mənfi təsir göstərib: “Məhsuldarlıq, heyvanların baş sayı azaldı. Nəticədə ət istehsalı azalır, idxal artır”.
Ekspertin sözlərinə görə, artıq ölkədə heyvandarlıq sıradan çıxmaq üzrədir.
“Onsuz da Azərbaycan özünün ətə tələbatının 38-40 faizini daxil istehsal hesabına ödəyirdi, indi bu rəqəm ondan da az olacaq”, – o, bildirib.
V.Məhərrəmovun fikrincə, əkinə verilən örüş ərazilərini indi bərpa etmək mümkün deyil: “Heç olmasa, həmin ərazilərdə indi kütləvi yem istehsalı ilə məşğul olmaq lazımdır ki, ölkədə daha çox yem istehsal olunsun. Ölkədə hələ 2008-ci ildə nəzərdə tutulmuşdu ki, 2 milyon 500 min ton qüvvəli yem istehsal olunsun, amma hələ də bu hədəfin 10 faizinə belə çata bilinməyib”.