Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə də erkək dana ətinin qiymətinin yenidən qalxması ilə bağlı fikirlər səsləndirilir. Əvvəl kiloqramı 15 manata satılan ətin indi bəzi yerlərdə 15 manat 50 qəpik, bəzi qəssabxanalarda isə 16 manata təklif olunduğu bildirilir.
Musavat.com-un əməkdaşları real vəziyyəti öyrənmək məqsədi ilə “Neftçilər”də yerləşən məşhur ət bazarına baş çəkiblər.
Bura səhər saatlarında nə qədər sıx və qarmaqarışıq olsa da, günorta da alverin səsi kəsilmir. Piştaxtalarda iri parçalarla düzülmüş təzə kəsilmiş ətlər, satıcıların əlində qanlı bıçaqlar, havada ağır ət qoxusu və insanların dilində həmişəki sözlər: “Bahalıqdır”.
Bazara ilk baxışda hər şey qaydasında görünür. Piştaxtaların üzərində iri hərflərlə parıldayan qiymət lövhələri alıcıların diqqətini dərhal cəlb edir: dana əti – 16 manat, quzu əti – 22-23 manat.
Piştaxtaların arxasında dayanmış satıcılar isə özlərini müdafiə etməyə hazırdılar:
– Nə edə bilərik, bizim də günahımız yoxdur. Heyvanın yemi od qiymətinədir. Suyu, baxımı, dərmanı – hamısı baha başa gəlir. Kənddən baha alırıq, məcbur baha da satırıq.
Bir az irəlidə, daha sakit piştaxtaların olduğu tərəfdə qiymətlər nisbətən ucuzdur: dana əti 11-12 manat, quzu əti isə 20 manata başa gəlir. Amma burada da məsələ sadə deyil. Satıcı səbəbini açıq şəkildə izah edir:
– Ucuz ət istəyən çoxdur, amma bilməlidirlər ki, bu, dişi dana ətidir. Əzələsi sərt olur, dadı da erkək dana kimi olmur. Erkək dana əti yumşaqdır, keyfiyyətlidir, ona görə də baha başa gəlir.
Doğrudan da ucuz ətin şorbası olmaz – kilosu 11-12 manata satılan mal ətinin rəngi də digərlərindən seçilir. Köhnəliyi elə uzaqdan insanın “ürəyini vurur”. Əlbəttə ki, alıcı həm keyfiyyətli, həm də təzə və dadlı ət yemək istəyir.
“Hər dəfə bir bəhanə tapırlar. Ya hava isti oldu, ya yem tapılmadı, ya kənddə ot yoxdur… Ucuz olan da keyfiyyətsiz və dadsızdır”, – alıcı kişi dodaqaltı mızıldanır.
Bazarın sonuna yaxın, daha bir satıcının səsi qulağımıza dəyir:
“Vallah, biz də məcburuq! Yerli heyvanın qiyməti bahadır, son günlər isə 50 qəpik qalxıb 16 manat olub. Rusiyadan gətirilən heyvan əti isə nisbətən ucuzdur. Amma onun da dadı yoxdur”.
Beləliklə, ayın olur ki, doğrudan da bazarlarda mal ətinin qiymətində 50 qəpik və ya 1 manat bahalaşma var.
Beləcə, “Neftçilər bazarı”nda ətin qiyməti də, alıcıların gileyi də od tutub yanır. Hər kəs qiymətlərin bir az düşəcəyinə ümid edir, amma hələlik ümidlər bazarda ət parçaları kimi piştaxtaların üstündə asılı qalıb.