Estoniyanın keçmiş baş naziri Taavi Rıyvas Finlandiyanın paytaxtından havaya qalxmalı olan təyyarədən endirilib.
Tribunainfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Delfi xəbər portalı məlumat yayıb.
Estoniya hökumətinin keçmiş rəhbəri işgüzar nümayəndə heyətinin tərkibində Yaponiyaya gedirmiş. Onunla birlikdə ölkənin xarici işlər naziri Marqus Tsakna da olub.
Məqalə müəllifləri keçmiş baş nazirin sərxoş olduğunu ehtimal edir. Bununla belə, Estoniya Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr bürosunun direktoru Liysa Toots hadisənin səbəbləri ilə bağlı məlumatı dəqiqləşdirə bilməyəcəyini deyib.
“İşgüzar nümayəndə heyətinin üzvləri öz hərəkətlərində və qərarlarında sərbəstdirlər. Nazirlik biznes nümayəndə heyətinin üzvlərinə və ya onların hərəkətlərinə görə məsuliyyət daşımır”, – XİN sözçüsü əlavə edib.
Taavi Rıyvas bildirib ki, o, təyyarədə işləyən stüardessalardan biri ilə mübahisə edib. Mübahisə keçmiş nazirin noutbukdan istifadə etməsi ilə bağlı yaranıb. Eyni zamanda, keçmiş hökumət başçısı spirtli içkilərdən istifadə ilə bağlı yayılan məlumatları böhtan adlandırıb.