Mövsüm bitəndən sonra klub rəhbərliyi əməkdaşlığı davam etdirmək istəsə də, verdiyim sözü yerinə yetirə bilmədiyim üçün qalmağım düzgün olmazdı.
Bunu açıqlamasında “İmişli” klubunun sabiq baş məşqçisi Əsgər Abdullayev postundan ayrılması barədə danışarkən deyib.
Azərbaycan millisinin sabiq çalışdırıcısı klub rəhbərliyi ilə görüş zamanı ayrılmaq istədiyini bildirib: “Komanda Premyer Liqaya vəsiqə qazanmaq hədəfinin öhdəsindən gələ bilmədi. Əslində, heç kim məni birinci yer tutmağa məcbur da etməyib. Sadəcə, özüm bunu istəyridim. Mövsüm bitəndən sonra klub rəhbərliyi əməkdaşlığı davam etdirmək istəsə də, verdiyim sözü yerinə yetirə bilmədiyim üçün qalmağım düzgün olmazdı. Mən də birinci yeri tutmaq gücündə olduğumuza inanırdım. Yaxşı futbolçular, komanda yığmışdıq. Təəssüflər olsun ki, alınmadı”.
64 yaşlı mütəxəssis mövsümü dəyərləndirib: “Məncə, “Qaradağ Lökbatan”la oyunda qolun hesaba alınmaması, Premyer Liqaya cəmi bir komandanın yüksəlməsi kimi amillər çempionatın son oyunlarında futbolçulara təsir etdi. Hər halda, günahı özümüzdə axtarmalıyıq. Komanda olaraq boşluqlar verdik”.
Qeyd edək ki, “İmişli” I Liqanı 47 xalla dördüncü pillədə başa vurub.