2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən sonra qonşu ölkələrdən təxminən 400 min suriyalı qaçqın geri qayıdıb.
Tribunainfo.az xəbər verir ki, bu açıqlamanı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Selin Şmit verib.
Onun sözlərinə görə, bu müddət ərzində 1 milyondan çox məcburi köçkün də öz evlərinə qayıdıb.
“Yay könüllü qayıdışlar üçün kritik bir an və qaçırılmamalı bir fürsət pəncərəsi olacaq, lakin bu qayıdışların uğurlu və davamlı olması üçün suriyalıların sığınacaq, dolanışıq, müdafiə və hüquqi yardım məsələlərində dəstəyə ehtiyacları olacaq”, – Şmitt bildirib.
Qayıdışların risk daşıdığını deyən Şmit, kifayət qədər maliyyə təmin edilmədiyi təqdirdə bu il üçün nəzərdə tutulan 1,5 milyon insanın geri qayıda bilməyəcəyini və qayıdanların yenidən köçkün olmaq riski ilə üzləşə biləcəyini əlavə edib.
Suriyada humanitar fəaliyyət göstərən şəxslərə dəstəyin sabitlik üçün vacib olduğunu vurğulayan Şmit deyib: “BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının üzləşdiyi ciddi maliyyə kəsintiləri milyonlarla insanın həyatını riskə atır. Suriyada təxminən 16,7 milyon insanın (əhalinin təxminən 90 faizi) humanitar yardıma ehtiyacı var. 7,4 milyondan çox suriyalı hələ də daxili köçkün vəziyyətindədir.”
Teleqraf