Ermənistanda bloger Badalyan və “Sputnik”in köşə yazarından silah və çətənə götürülüb
Rusiyayönlü bloger Mikael Badalyan və “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorkyanın axtarışı zamanı Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları avtomat silah, həqiqi güllə, qumbara və çətənə kolları ələ keçirib. Bloger və jurnalistdən başqa daha 5 nəfər saxlanılıb. Onların adları açıqlanmır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
“İlkin istintaq zamanı dindirilmə və mənzillərə, nəqliyyat vasitələrinə baxış keçirilib, nəticədə “Kalaşnikov” avtomatı, həqiqi güllələr, qumbaralar, qumbaraatanlar, tapançalar, süngü bıçaqları, müxtəlif növ hərbi əmlak, çətənə kolları aşkar edilərək götürülüb”, deyə komitədən bildirilib.
Saxlanılan bloger və jurnalistin vəkili TASS-a bildirib ki, tapılan silah başqa şəxsə məxsusdur.
Bloger və jurnalist dünən Ermənistanın Sünik rayonunun şərqindəki Qoris şəhərində 72 saat saxlanılıb. Bundan bir qədər əvvəl Ermənistanın İstintaq Komitəsi odlu silahların qanunsuz dövriyyəsi (Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci hissəsi) üzrə açılmış cinayət işi çərçivəsində 7 nəfərin həbs edildiyini açıqlamışdı.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, həmin şəxslərin saxlanılması Moskva ilə İrəvan arasında münasibətləri pisləşdirmək məqsədi daşıyan təxribatdır. “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Badalyanın naməlum maskalı şəxslər tərəfindən qaçırıldığını bildirib və bir gün əvvəl o, Ermənistan hökumətini anti-Rusiya siyasətinə görə tənqid edib.