“Ermənistana yeni konstitusiya lazımdır” – Paşinyan

“Ermənistana yeni konstitusiya lazımdır” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın yeni konstitusiyaya ehtiyacı var”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.
Onun sözlərinə görə, konstitusiya ölkədə həyat qaydaları, hüquq və vəzifələr haqqında vətəndaşların kollektiv müqaviləsidir.
O, konstitusiyadakı “suveren” sözünün Ermənistan xalqının təkcə de-yure deyil, həm də 2018-ci il inqilabından sonra de-fakto suveren olmasına əsaslandığını vurğulayıb.
“Mövcud konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Bu gün Ermənistan vətəndaşları indiki konstitusiyada onların cəmiyyətdə və dövlətdə həyat qaydaları ilə bağlı fikirlərini əks etdirdiyinə inanmırlar. Onlar buna hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, – Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, əsas problem təkcə konstitusiyada nə yazılmasında deyil, həm də onun necə qəbul edilməsindədir.
Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirəcəyi yeni konstitusiya lazımdır.
“Bizə xalqla – onun yaradıcısı ilə üzvi şəkildə bağlı olacaq yeni konstitusiya lazımdır”, – Paşinyan bildirib.