Baş nazir Nikol Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdıqca ölkəsi üçün ciddi risqləri artırır. Kremlin başı Ukrayna savaşına qarışsa da, Cənubi Qafqazdakı forpostunu itirməmək üçün müxtəlif variantları nəzərdən keçirir. Bunlardan biri Ermənistana qarşı iqtisadi təzyiq alətlərini işə salmaqdırsa, ikinci aləti hərbi çevriliş şəraiti yaratmaqdır.
Tribunainfo.az yazır ki, bu barədə fikir bildirən politoloq Elxan Şahinoğlunun fikrincə, bu məqsədlə Rusiyanın bu ölkədəki hərbi bazasının imkanlarından istifadə edilməsi mümkündür.
Analitik qeyd edib ki, Nikol Paşinyan bu təhlükələri hesablamamış deyil, bu səbəbdən ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı almağa çalışır:
“ Vaşinqton, Paris və Brüsseldən Paşinyana vədlər verilməmiş deyil, ancaq Ermənistanın baş naziri bunlarla kifayətlənə bilməz. Ermənistan yol ayrıcındadır, gələn il bu ölkə ciddi çağırışlarla üz-üzə qalacaq”.