Qarabağdan könüllü olaraq Ermənistana köçmüş ermənilər, artıq bu ölkədən də getməyə başlayıblar. Tribunainfo.az xəbər verir ki , 2023-cü ildə Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı 10 min nəfərdən çox olub.
Rəsmi statistikaya əsasən, onların böyük əksəriyyəti ailələri ilə birlikdə əsasən Rusiya və Fransaya üz tutublar. Köçün səbəbi isə Qarabağ ermənilərinin iş tapa bilməmələri, Ermənistanda məskunlaşmaq üçün tələb olunan sənəd və rüsumların çoxluğudur.
News.am saytı yazır ki, Ermənistan hökumətinin qəbul etdiyi yeni qərara əsasən Qarabağdan köçmüş ermənilər üçün yeni qaydalar müəyyən edilib. Həmin qaydalardan birincisi, onların Ermənistan vətəndaşlığını qəbul etmələridir. Əks təqdirdə, Qarabağdan könüllü köçmüş ermənilər həyət evi inşa etmək üçün çoxsaylı sənəd hazırlamaları, bundan əlavə 3 milyon dram və ya 7500 dollar rüsum verməlidirlər. Lakin məsələ bununla da həll olunmur. Məsələ odur ki, Qarabağ erməniləri 55 milyon dram və ya 132 min dollardan ucuz olmayan ev tikə bilməzlər. Daha doğrusu, Qarabağ erməniləri torpaq alınması, inşaat və təmir işlərinə bu məbləğdən az pul xərcləməməlidirlər. Bu rəqəm o zaman dəyişə bilər ki, Qarabağdan köçmüş ermənilər Ermənistan vətəndaşlığı əldə etsinlər.
Yeni qaydalara əsasən Qarabağdan könüllü köçmüş ermənilər, həm də Qarabağdakı mülklərinə dair sənəd təqdim etməli və onu məhkəmə yolu ilə təsdiqləməlidirlər.
Erməni ekspertlər iddia edirlər ki, Ermənistan hökuməti bu qərarla iki məqsədə nail olmaq istəyir. Birincisi, Qarabağ ermənilərinin ölkədən köçünə nail olmaqdır. Çünki onlar faktiki olaraq, Etmənistana izafi yükdürlər. İkincisi isə Qarabağdan könüllü köçmüş ermənilərin Qarabağ “vətəndaşlığı”ndan imtinasına nail olmaqdır. Ekspertlər ikinci məqsədi Azərbaycanın şifahi tələbi ilə əsaslandırırlar. Yəni, rəsmi Bakı Qarabağdan köçmüş ermənilərin özlərini “Qarabağ vətəndaşı” kimi təqdim etməsinə qarşıdır və bunun İrəvan tərəfindən aradan qaldırılmasını istəyir.