backend

“ERMƏNİSTAN XALQIMIZA PSİXOLOJİ TƏSİR GÖSTƏRMƏK İSTƏYİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşiötən gün geri qaytarılıb.  

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşiötən gün geri qaytarılıb. 

Məsələ ilə bağlı Azərbaycan dövləti ilə yanaşı, vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiə təşkilatları da intensiv iş aparıblar. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bu və ya digər məsələlərlə bağlı TİA.AZ-a müsahibə verdi.

 

– Bildiyimiz kimi, şəhidimiz Çingiz Qurbanovun  cənazəsi 38 gündən sonra Azərbaycana qayıtdı. Sizcə ermənilər  hansi  səbəbdən əsgərimizin meyidini qaytarmağı uzatdılar?

– Bütün beynəlxalq konvensiyalara görə, həyatını itirmiş hərbi qulluqçuların meyidi qeyri-şərtsiz və təxirəsalınmaz şəkildə geri qaytarılmalıdır. Amma Ermənistan hakimiyyəti hər zaman bu cür metodlarla Azərbaycan tərəfinə psixoloji təzyiq göstərməyə çalışır, öz uğursuzluqlarını balans etməyə çalışırlar. Ramil Səfərov məsələsində və digər bu kimi analoji məsələlərdə psixoloji üstünlük hər zaman Azərbaycan tərəfinin-xalqının, ictimaiyyətinin tərəfində olub. Ermənistan hakimiyyəti də bunu bilir. Hər zaman belə hadisələrdən sonra Ermənistanda yerli vətəndaşların, xalqın etiraz dalğası başlayır ki, bu da  Serj Sarkisyan rejiminə heç də xoş olan bir hadisə deyil. Ona görə də çalışırlar ki, bu cür hadisələrlə üzləşəndə məsələni uzatsınlar, unutdurmağa çalışdırsınlar. Ancaq bunun heç bir faydası yoxdur. Ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində, eləcə də bütün Azərbaycan dövlətinin beynəlxalq qurumlarla apardığı intensiv iş nəticəsində Azərbaycan əsgərinin meyidinin qaytarılması baş tutdu. Şəkillərdən, videolardan da göründüyü kimi Azərbaycan xalqı, ictimaiyyətimiz onu bir qəhrəman kimi qarşıladı, bu gün səhər saatlarında dəfn mərasimi çox böyük izdihamla müşayət olundu. Müdafiə Nazirliyi və digər dövlət rəsmiləri dəfn mərasimində iştirak etdilər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı öz əsgərinə, öz şəhidinə nə qədər böyük dəyər verir və hər dəfə belə hadisə olanda cəmiyyətdə böyük ruh yüksəkliyi müşahidə olunur. Bu da Ermənistan hakimiyyətini hər zaman narahat edir. Amma 38 gün də, 3 ayda, 1 il də, 100 il də keçsə, belə hadisələr unudulmur.  Biz hadisə baş verən andan etibarən bütün fəaliyyətimizi bu istiqamətə yönəltdik, yenilikləri izləyirdik. Biz öz üzərimizə düşən vəzifələri yerinə yetirir və yanvar ayının ilk günlərindən etibarən beynəlxalq insan haqları təşkilatlarına müraciətlər etməyə başlamışdıq. Ermənistan hakimiyyəti beynəlxalq qanunlara məhəl qoymur  və öz öhdəliklərini yerinə yetirməkdən imtina edir. Avropa ölkələri isə buna hələ də göz yumurlar. Bununla Ermənistan daxili auditoriyaya hesablanmış divident qazanmaq istəyir. Qarşımızda cinayətkar bir rejim var. Terroru beynəlxalq səviyyədə dəstəkəyən bir ölkə – Ermənistan hakimiyyəti var. Ona görə də onlarla hər hansı beynəlxalq qanunlar, beynəlxalq konvensiyalar dili ilə danışmaq qeyri-mümkündür. Amma buna baxmayaraq, vətəndaş cəmiyyəti nümayəndələri hüquq müdafiəçiləri bu sahədə fəaliyyətlərini davam etdirirlər. İlk növbədə Avropa qurumlarının nümayəndələrini məlumatlandırmaqla məşğuluq. Düşünürük ki, beynəlxalq təzyiqlər qarşısında Ermənistan hakimiyyəti uzun müddət tab gətirə bilməyəcək.

– Fevralın 1-i girov düşmüş əsgərimiz Elnur Hüseynzadəylə bağlı hansı işlər görülüb?

– Azərbaycan Respublikasının Əsir və İtkin düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası onunla bağlı açıqlama verib. Biz  də hazırda məlumat toplamaqla məşğuluq. Ermənistan tərəfi də qondarma Dağlıq Qarabağ Respublikasının “Ombudsman”ı onunla görüşdüyünü  bildirib. Hazırda dəqiqləşdirmə aparılır. Azərbaycan hökümətindəki müəyyən qurumlarla bu istiqamətdə yazışmalar aparırıq, dəqiq məlumatlar bütün təfsilatı ilə toplanandan sonra biz artıq Avropa qurumları ilə təmasa keçəcəyik. Fevralın 21-də İsveçrənin Cenevrə şəhərində “Dünya Hüquq Müdafiəçilərinin Cenevrə Sammiti” keçiriləcək. Dünyanın dörd bir yanından gələcək 500-ə yaxın hüquq müdafiəçisinin də qatıldığı toplantıda kəlbəcərli girovlarımızla yanaşı, Elnur Hüseynzadənin da  məsələsini qaldıracağıq. Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin  mənzil qərargahı yerləşir, orda da artıq fevralın 22-ə görüş təyin olunub. Düşünürəm ki, bu məsələ də öz həllini tapacaq. Onun hərbi qulluqçu olub, ya ordudan tərxis olunmağı məsələsi birmənalı deyil. Beləki, Müdafiə Naziriliyi bildirir ki, bu şəxs hərbi xidməti başa vurmuş bir vətəndaşdı,valideynləri isə deyir ki, hazırda hərbi xidmətdə olan əsgərdi. Bu məsələ bizi çətin vəziyyətə salır, çünki mülki vətəndaşla hərbi qulluqçu arasında çox böyük fərq var. Cenevrə Konvensiyasına görə həmin şəxslər əsir götürüləndə  fərqli  münasibətlə yanaşılmalıdır. Biz də bu məsələ ilə bağlı strategiyamızı dəqiq qurmaqla məşğuluq. Yaxın günlərdə daha dəqiq məlumatlar əldə edə biləcəyik.    

 – Hüquq müdafiəçilərinin qarşısında duran digər mühüm hadisələr hansıdır?

– Digər mühüm hadirə 2014-cü ildə erməni silahlı qüvvələri tərəfindən əsir götürülən və sonra qanunsuz şəkildə mühakimə olunan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlıdır. Çünki beynəlxalq ictimaiyyət tərəfindən tanınan, sərhədləri pozmadan öz dədə-baba torpaqlarına gedən mülki şəxsləri Ermənistan girovluqda saxlayır. Barələrində məhkəmə hökmü çıxarmaqla, beynəlxalq qanunların bu ölkədə işləmədiyini bir daha ortaya qoyur. Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq, həmin şəxslər dərhal azadlığa buraxılmalıdır. Çünki müharibənin də öz qanunları var və bu qanunlara əsasən mülki vətəndaşlar əsir və girov götürülə bilməz. Onlar üzərində məhkəmə prosesi keçirilə bilməz. Bu gün Avropada mövcud olan ikili standartların nəticəsidir ki, hələ  də beynəlxalq ictimaiyyət bu haqsızlığa susur və Ermənistan hakimiyyətinə heç bir təzyiq göstərilmir. Biz də çalışırıq ki, bu fəaliyyətimizlə, bu çıxışlarla dünya ictimaiyyətinə göstərək ki, onlar mülki  vətəndaşlardır və onların həbsdə qalması bütün beynəlxalq hüquq normalarına ziddir.  

– Yanvar ayı müxtəlif dövlətlərə səfərlərinizlə zəngin ay oldu. Hansı ölkələrdə kimlərlə görüşdünüz?

– Yanvarın 24-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Mahatma Qandi İnsan Haqları Təşkilatının rəhbəri cənab Gibril Deen ilə görüşdük. Ona rəhbərlik etdiyim təşkilat barədə ətraflı məlumat verdim. Macarıstandakı insan haqları təşkilatları ilə əməkdaşlıqda maraqlı olduğumuzu və bu istiqamətdə birgə layihələr həyata keçirə biləcəyimizi dedim. Təşkilatının əsasən qaçqın və məcburi köçkünlər, habelə miqrantların hüquqlarının müdafiəsi istiqamətində böyük təcrübəyə malik olduğunu bildirən cənab Gibril Deen bizə bu istiqamətdə həyata keçirdikləri layihələr barədə danışdı. Bizim birgə fəaliyyətlə bağlı təklifimizi maraqla qarşıladı və azərbaycanlı qaçqın və məcburi köçkünlərin, habelə girovların hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq səviyyədə birgə iş aparılmasının zəruriliyindən danışdıq.

Daha sonra yanvarın 27-də Ukrayna parlamentinin deputatı, Milli Qəhrəman Nadejda Savçenko ilə görüşdük. Savçenkoya Ukraynadakı Azərbaycan diasporunun tanınmış simaları ilə azərbaybaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə ətraflı məlumat verdik. Girovların azad edilməsi istiqamətində görülən işlərdən danışdıq, məsələnin beynəlxalq səviyyəyə qaldırılmasının və Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlərin gücləndirilməsinin zəruriliyini vurğuladıq. Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə lazımi məlumatları, sənəd və fotoları Nadejda Savçenkoya təqdim etdik. N.Savçenko kəlbəcərli girovlarla bağlı beynəlxalq kampaniya başlatmaq təklifini müsbət qarşılayıb və bu işdə əlindən gələni edəcəyini, bu məsələ ilə bağlı həm Ukrayna Radasında, həm də Ukrayna mətbuatında məsələ qaldıracağını, habelə Avropanın aparıcı insan haqları təşkilatlarının rəhbərləri ilə görüşdə azərbaycanlı girovların azadlığa çıxması üçün fəaliyyət göstərəcəyini bildirdi.

 Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Bununla bağlı hansı tədbirlər və görüşlər keçirməyi planlaşdırırsınız?

– Xocalı tariximizin acı səhifələrindən biri- soyqırım aktıdır . Bununla bağlı fevralın 24- 25-26- ı İstanbulda və Şimali Kipr Türk Respublikasında həm televiziyalarda, həm də müxtəlif məkanlarda tədbirlərimiz olacaq. Ancaq Cenevrədə bu məsələni qaldırmayacağıq. Çünki orda konkret məsələlər üzrə məsələ qaldırmağa vaxt verilir.

– Kəlbəcərli girovlarla bağlı “Dünya susmasın” adlı film nümayiş olunmalı idi.   

– Film oktyabrda azərbaycan, ingilis, rus, erməni dillərinə tərcümə olunacaq. İlk dəfə  Ukraynanın Kiyev şəhərində aprel ayında təqdim edəcəyik. Nümayiş zamani Ukrayna Ali Radasının nümayəndələri, deputatlar, mətbuat və Ukraynada yaşayan Azərbaycanlılarla İş üzrə Diaspora iştirak edəcək. Düşünürük ki, ingilis dilli versiyası hazır olanda Avropanın digər ölkələrində zaman-zaman təqdimatlar keçirək.

 Nilufər