“Paşinyan KTMT-dən tam üz çevirməkdədir. Bu gedişlə Ermənistan təşkilatı tərk edəcək. İrəvan təhlükəsizlik sahəsində özünə yeni müttəfiqlər axtarır. Bu siyasət isə olduqca tündləşir və sonra sirkə öz qabını sındıra bilər. Düşünürəm ki, KTMT iclasını boykot etmək qərarı Moskva-İrəvan münasibətlərini daha da pisləşdirəcək. Sadəcə, Rusiya təmkinini qorumağa çalışır”.
Bunu Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova deyib. Onun sözlərinə görə, Paşinyan KTMT-dən çıxmaq, rus qoşunlarını Ermənistandan evakuasiya etmək, Fransa və Avropa Birliyinin təsirlərini gücləndirmək öhdəliyi götürüb. “Hakimiyyətə gələrkən verilən vədlər qarşılığında götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayıb. Avropa Parlamentində “KTMT bizi tək qoydu” deyərək bloku və Rusiyanı ittiham etdi. Bu ritorik getdikcə güclənir.
Ermənistanda antirus ovqatı Saakaşvili Gürcüstanını xatırladır. Gürcü cəmiyyəti ruslara nifrət edirdi. Bütün günahı Rusiyada görürdülər. İndi erməni xalqına eyni fikirlər aşılanır. Pşainyan komandası təbliğat aparır ki, Qarabağdakı nəticələr Rusiyanın müttəfiq kimi bizə kömək etməməsidir. Ona görə tərəflər xəyanət ittihamlarını qarşılıqlı şəkildə səsləndirir. Bunun axırı yaxşı olmayacaq və Paşinyan hakimiyyətini çətin dövr gözləməkdədir”.