Qarabağ münaqişəsi həllini tapdıqdan sonra Azərbaycan haqlı olaraq, ATƏT-in Minsk Qrupunun ləğvi məsələsini gündəmə gətirib. Tribunainfo.az xəbər verir ki, rəsmi Bakı dəfələrlə İrəvan qarşısında məsələ qaldırıb ki, heç bir işə yaramayan və missiyasını başa vurmuş bu qrupun ləğvi ilə bağlı müraciət etməlidir.
Qeyd edək ki, hazırda bu məsələ Azərbaycanın sülh danışıqlarında əsas tələblərindən biri hesab olunur. Lakin erməni tərəfi illərdir məsələni yubadaraq, prosesdə iştirak etmək istəmir. Lakin bu yaxınlarda baş nazir Nikol Paşinyanın müsbət açıqlamasından sonra durumun dəyişdiyi müşahidə olunur. Belə ki, o, açıqlamasında “Minsk Qrupunun ləğvi məsələsinə müsbət baxıram” fikirlərini dilə gətirib.
Politoloq Stepan Danielyan isə bildirib ki, İrəvan artıq bununla bağlı mövqeyini qətiləşdirib: “Dəccal (Paşinyanı nəzərdə tutur) ATƏT-in Minsk Qrupunun buraxılması tələbi ilə Azərbaycanla birgə rəsmən müraciət etməyə hazırlaşır”.
Bir çox erməni eskpertləri isə o fikirdədirlər ki, Minsk Qrupunun ləğv edilməsi Qarabağ məsələsini birdəfəlik bağlamaq deməkdir. Ona görə də, iddia edirlər ki, bu baş verməməlidir.