Ermənistanda hərbi xidmətə gedən gənclərin sayı kütləvi sürətdə azalır və hazırda ordunun acınacaqlı vəziyyətdə olduğuna dair yetərincə faktlar var.
Ermənistanda hərbi xidmətə gedən gənclərin sayı kütləvi sürətdə azalır və hazırda ordunun acınacaqlı vəziyyətdə olduğuna dair yetərincə faktlar var.
Publika.az xəbər verir ki, erməni jurnalist Tevos Arşakyanın apardığı araşdırma düşmən ordusundakı vəziyyətlə bağlı məxfi məlumatlar ortaya çıxarıb.
Erməni gənclər Qarabağa getməmək üçün ölkədən qaçır
Erməni jurnalist yazır ki, son illərdə hərbi komissarlıqlar orduya çağırışla bağlı ciddi çətinliklərlə üzləşib: “Respublika çağırış komissiyasındakı mənbədən əldə etdiyimiz məxfi informasiyaya görə, son dövrlər saxta sağlamlıq vəziyyətinə görə orduya getməyənlərin sayı artmaqla yanaşı, hərbi xidmətə getməmək üçün ölkədən qaçan gənclərin də sayı sürətlə çoxalır. Bu yaxınlarda deputat Aram Manukyan bildirdi ki, bu ilin başlanğıcında orduda xidmətdən xilas olmaq üçün 2000 insan ölkəni tərk edib. Bununla yanaşı, valideynlər böyük məbləğdə pul verərək, övladlarını hərbi xidmətdən yayındırırlar. Bütün bunlara səbəb isə kasıbların övladlarının Qarabağa göndərilməsi və orada ölməsidir. Misal üçün, ötən ilin aprelində baş verən döyüşlərdə Qriqor Artünyan öldü. Bundan sonra, onun anası Anait Artünyan ikinci oğlunu – Seryoja Artünyanı hərbi xidmətə göndərməkdən imtina etdi. Çünki ailəni o dolandırır”.
Erməni ana oğlunu orduya göndərməmək üçün….
Anait Artünyan jurnalistlərə bildirib ki, iyulun 31-də oğlu Seryojanı hərbi xidmətə çağırıblar. O, oğlunu orduya göndərməmək üçün hələ çağırışdan əvvəl İrəvanda Erebuni hərbi komissarlığına müraciət edib.
“Mənə dedilər ki, son 10 ildə övladların Qriqor və Seryojanın qəyyumluğunda olmağım və Qriqorun ölümündən sonra qayğıma Seryojanın qalması ilə bağlı sənəd verməliyəm”, – deyə o bildirib.
Onun sözlərinə görə, bütün lazımi sənədləri notariusda təsdiq edərək, hərbi komissarlığa verib. Həmin sənədləri Ermənistan ordusunun baş qərargahına göndəriblər.
“Oğlumu yalnız cəsədimin üzərindən keçərək orduya apara bilərlər”
A.Artünyan danışır ki, komissarlığa müraciəti martın 27-də edib və 4 gün sonra baş qərargah rəisi Movses Akopyanın adından cavab gəlib. Cavabda bildirilir ki, Seryoja Artünyan qanun üzrə xidmətdən azad edilə bilməz, yalnız hərbi xidmət keçməsi müəyyən müddətə təxirə salınar.
“Hərbi komissarlıq bütün sənədləri İrəvan meriyasına təqdim etdi. Məni inandırdılar ki, möhlət olacaq, sadəcə olaraq, iyul çağırışının sonunu gözləmək lazımdır. Lakin iyulun 31-də mənə komissarlıqdan zəng vurdular və bildirdilər ki, müdafiə naziri Seryojaya möhlət verilməsinə icazə verməyib, buna görə də oğlun hərbi xidmətə getməlidir. Müdafiə naziri bizə kömək etməlidir, nəzərə almalıdır ki, mənim ərim yoxdur, özüm xəstəyəm, ağır sosial şəraitdə yaşayırıq və yalnız oğlum işləyir. Bir oğlum Qarabağda öldü. İkinci oğlumun orduya aparılmasına icazə verməyəcəm. Seryojanı yalnız mənim cəsədimin üzərindən keçərək, hərbi xidmətə apara bilərlər”, – Artünyan qeyd edib.
Kasıblar Qarabağa, varlılar gücə klublarına
T.Arşakyan yazır ki, Ermənistanda orduya kasıbların uşaqları aparılır: “Varlıların, nazirlərin, hökumət adamlarının oğlanları isə küçələrdə maşın sürür, gecə klublarında əylənirlər. Kasıb ailələrin uşaqları isə Qarabağa göndərilir. Kim bunu görərək, öz oğlunu orduya göndərəcək? Bəli, xəstə və kasıb olan Artünyanən rüşvət verməyə pulu yoxdur, buna görə də onun yeganə oğlunu hərbi xidmətə aparırlar”.