backend

Ermənistan münaqişənin həllində maraqlı deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən ilin may və iyun aylarında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri münaqişənin həllində vasitəçilik səylərini kəskin artırmışdı”. 

“Ötən ilin may və iyun aylarında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri münaqişənin həllində vasitəçilik səylərini kəskin artırmışdı”.

Bu barədə Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin münaqişənin həlli ilə bağlı substantiv danışıqların aparılmasının vacibliyinə dair ATƏT Daimi Şurasına müraciətində deyilir.

Müraciətdə bildirilir ki, ötən il tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi və atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yekunlaşdırılması ilə bağlı razılığa gəlib: “Lakin Sankt-Peterburq görüşündə Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar araşdırma mexanizmlərinin yekunlaşması bir qədər sonrakı mərhələyə təxirə salındı. Hər iki görüşdə tərəflər münaqişənin hərtərəfli həlli ilə bağı danışıqlar aparmaq barədə razılığa gəldi. 2016-cı il iyulun 20-də Azərbaycan mandatın və fəaliyyət şəklinin dəyişdirilməyəcəyi halda ofisin genişləndirilməsi ilə bağlı təkliflərini təqdim etdi, bununla da, yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirməsi ilə bağlı siyasi iradə və hazırlıq nümayiş etdirdi.

Təəssüf ki, biz sonralar təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı qəbuledilməz elementlərlə üzləşdik. Bu isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iş üsulunun dəyişdirilməsi deməkdir və prezidentlər səviyyəsində əldə olunmuş razılaşmalara uyğun deyil. Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmadan ATƏT müşahidəçilərinin təmas xəttində yerləşdirilməsi status-kvonun möhkəmlənməsinə və münaqişənin uzanmasına yol aça bilər. Azərbaycan bu kimi təhlükəli irəliləyişi qəbul edə bilməz, belə ki, bu addım bütünlükdə Minsk prosesinin məqsədlərinə ziddir.

Nəticədə ofisin genişləndirilməsi məsələsi yekunlaşmadı. Ermənistan isə bu vəziyyətdən substantiv müzakirələrdən boyun qaçırmasını əsaslandırmaq üçün istifadə etməyə başladı”.

Müraciətdə qeyd olunur ki, ofisin genişləndirilməməsinə baxmayaraq, təmas xəttində vəziyyət bir neçə ay sakit olub: “Daha sonra Ermənistanın substantiv danışıqlardan imtina etməsi təmas xəttində təxribatçı addımlarla müşayiət olundu. Ermənistan rəhbərliyinin revanşist bəyanatları, təmas xəttində hərbi təlimlər və təxribatlar onu göstərir ki, Ermənistan münaqişənin həllində maraqlı deyil”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi polşalı diplomat Anjey Kaspşikdir. (apa)